Anar Əjdər Olun əfv olunmasını istəyir: "Ona sonuncu kitabımı da yollamışam"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının keçmiş rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, publisist Əjdər Cəbiyev (Əjdər Ol) artıq 4 ildir ki, həbsdədir.
Maraqlıdır, bu müddət ərzində AYB üzvləri onunla maraqlanıblarmı?
AYB sədri Anar Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Əjdər Olla yazıçı və şair dostları maraqlanırlar:
“Əjdər Olla yazıçı və şair dostları maraqlanırlar. Həmçinin mən də onunla maraqlanıram. Axırıncı dəfə ona kitabımı da göndərmişəm. Sonuncu kitabım olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabımı ona yollamışam. Həbs edildiyi ilk dövrdə onun əfv olunması ilə bağlı yazmışıq. Amma əfv olunacaq ya yox, bunu bilmirik. Çünki bizdən asılı deyil. Biz təşəbbüs irəli sürmüşük. Nə zaman bu təşəbbüsümüz reallaşacaq onu deyə bilmərəm”.
Xatırladaq ki, Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci ilin aprelində onu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.