Sosial şəbəkədə biz:

Yeni şuranın yaradılması Azərbaycan üçün nələr vəd edir?

Yeni şuranın yaradılması Azərbaycan üçün nələr vəd edir?
Xəbər Şəkli
22 July 2026, 13:09
İqtisadiyyat

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Mertsin mətbuata bəyanatlarında vacib istiqamətlərdən biri də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı idi.

Yeni şuranın yaradılması Azərbaycan üçün nələr vəd edir?

Mətbuat konfransında qeyd edildiyi kimi, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Bu institutsional olaraq ölkələr arasında iqtisadi və biznes əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı tərəflərin siyasi iradələrini bir daha təsdiq edir.

Şuranın yaradılması ölkələr arasında qarşılıqlı sərmayə qoyluşunun həcmini artıracaq. Almaniya şirkətləri tərəfindən Azərbaycana 938 milyon dollar sərmayə qoyluşu həyata keçirilib. Almaniya sərmayəsinin 94 faizi qeyri neft-qaz sektoruna yönəldilib. Azərbaycanın Almaniyadakı sərmayəsi isə 668 milyon dollardır. Aydındır ki, yeni anlaşma həm hazırda Azərbaycanda fəaliyyət göstərən 250-ə yaxın Almaniya şirkətinə, həm də digər potensial investorlara yeni imkanlar yaradacaq.

Daha çox xarici investisiya yeni texnologiyaların transferi ilə yanaşı, daha çox iş yerlərinin yaradılması deməkdir. Bu baxımdan, yeni şuranın yaradılması məşğulluğa da xüsusi töhvə verə biləcək. Yeni dövrün yeni hədəflərində və eləcə də Məşğulluq Strategiyasında  əmək bazarında daha innovativ yanaşmalardan istifadə olunması əsas hədəflər sırasındadır.

Azərbaycan və Almaniya arasında nəqliyyat dəhlizlərinin genişləndiriləcəyi və beynəlxalq yükdaşımalar sahəsində də əməkdaşlığın güclənəcəyi gözlənilir. Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, geo-siyasi mövqeyini daha da möhkəmləndirəcək.

Berlində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması və eləcə də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ölkələr arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. 

Vüqar Bayramov, millət vəkili