Sosial şəbəkədə biz:
Son illərdə Gürcüstanda Azərbaycan sərmayələri rekord həddə artıb
Xəbər Şəkli

Son illərdə Gürcüstanda Azərbaycan sərmayələri rekord həddə artıb

13 March 2026, 08:44
İqtisadiyyat

Azərbaycanın son bir ildə Gürcüstana yatırımları 1,7 dəfə artıb. Gürcüstanın Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilkin göstəricilərinə əsasən azərbaycanlıların bu ölkəyə investisiyalarının həcmi 144 milyon dollar təşkil edib.

Azərbaycanın investisiya həcmi 2021-ci ildə cəmi 3,4 milyon dollar, 2022-ci ildə isə 5,1 milyon dollar olduğu halda, 2023-cü ildə təxminən 30 dəfəyədək kəskin artım müşahidə edilir. Hesabata görə, Gürcüstanda Azərbaycan sərmayəsi 2023-cü ildə 99 milyon dollar, 2024-cü ildə isə 84 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən il Gürcüstana birbaşa xarici investisiyaların (BXİ) həcmi 1 milyard 688,7 milyon dollar olub. Bu göstərici 2024-cü illə müqayisədə 7,6 faiz çoxdur. BXİ-nin artımının əsas səbəbi kapital qoyuluşlarının və təkrar investisiyaların artması ilə bağlıdır.

Azərbaycan qonşu ölkədə birbaşa investisiyaların payında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Əgər 2021-ci ildə Azərbaycan ən kiçik paya malik ölkələrdən biri idisə, 2025-ci ildə 8,5 faiz payla ən böyük investorlar siyahısında 5-ci yerə yüksəlib. Bu artım nəticəsində Azərbaycan Gürcüstanın əsas investorları siyahısında Niderland, İspaniya və Rusiyanı geridə qoyub.

Azərbaycan Mərkəzi Bankının statistikasından aydın olur ki, qonşu ölkəyə yatırımların strukturunda təkrar investisiyalardan daha çox rezidentlər tərəfindən yönəldilən kapital üstünlük təşkil edir. Belə ki, AMB-nin məlumatlarına əsasən, Azərbaycandan xarici ölkələrə yönəlmiş investisiyaların həcmində Gürcüstanın payı 2022-ci ildə 37,5 milyon dollar olduğu halda, 2023-cü ildə iki dəfədən çox artaraq 87,2 milyon dollara, 2024-cü ildə isə 165 milyon dollara çatıb. 2025-ci ilin ilk 9 ayında bu göstərici 111,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkə rezidentləri tərəfindən xaricə yönəldilən kapitalı qeydə alır. Gürcüstan tərəfi isə yalnız birbaşa Azərbaycandan gələn investisiyaları deyil, həm də Azərbaycan şirkətlərinin xarici ölkələrdə yerləşən törəmə müəssisələri vasitəsilə Gürcüstana yatırdıqları vəsaitləri də “Azərbaycan mənşəli” investisiyalar kimi qeyd edir.

Təkrar investisiyaların ölkələr üzrü statistikası haqqında dəqiq məlumat əldə etmək mümkün olmasa da, Mərkəzi Bankın statistikası göstərir ki, Azərbaycan rezidentləri tərəfindən qonşu ölkəyə yatırılan yeni investisiyaların həcmi son iki ildə dəfələrlə yüksəlib. İndiyədək Azərbaycanın investisiya portfelində enerji layihələri və daşınmaz əmlaka edilən yatırımlar üstünlük təşkil edirdisə, 2024-cü ildən etibarən logistika və tikinti sahələri də əlavə edilib.

Bu illərdə nəqliyyat və tikinti sahələrinə investisiyaların kəskin artmasının əsas səbəbləri sırasında Rusiya-Ukrayna müharibəsi, eləcə də İran ətrafında müşahidə olunan qeyri-sabit geosiyasi vəziyyət dayanır. Bu proseslər Azərbaycan və Gürcüstanın tranzit əhəmiyyətini artırıb və Orta Dəhliz marşrutuna marağı gücləndirib.

2023-cü ildə Gürcüstanın birbaşa xarici investisiyaları üzrə göstəricilər təhlil edildikdə enerji sektoruna yatırımların azaldığı, nəqliyyat və tikinti sektorlarına isə investisiyaların kəskin artdığı müşahidə olunur. Ölkələr üzrə müqayisə aparıldıqda Avropa ölkələri, Rusiya və İsrail tərəfindən yönəldilən investisiyalar azaldığı halda, Azərbaycan və Türkiyənin yatırımlarında əhəmiyyətli artım qeydə alınıb.

Gürcüstan mediasının məlumatlarına görə, nəqliyyat sektoruna qoyulan 166,1 milyon dollarlıq investisiyanın böyük hissəsi Azərbaycan mənşəli kapitalın payına düşür. Bildirilir ki, Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan 2024-2025-ci illərdə Gürcüstanın nəqliyyat infrastrukturuna yatırılan vəsaitlərin 56 faizini təkbaşına təmin edib. Ümumilikdə, bu ölkənin nəqliyyat sektoruna yönəldilən investisiyaların 60-70 faizi Orta Dəhlizin əsas tərəfdaşları olan Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılıb. Azərbaycan isə bu istiqamətdə aparıcı ölkə kimi göstərilir. Belə ki, 2024-cü ildə Gürcüstanın nəqliyyat sektoruna cəlb olunan ümumi xarici investisiyaların 60 milyon dolları və ya 56,2 faizi məhz Azərbaycanın payına düşüb.

Nəqliyyat sektoruna birbaşa yönəldilən vəsaitlərin mühüm hissəsini Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və dəmir xətlərinin genişləndirilməsi təşkil edib. Bu çərçivədə Azərbaycan Dəmir Yolları tərəfindən Gürcüstan nəqliyyat sektoruna 250 milyon dollarlıq investisiya yatırılıb. BTQ xəttinin Gürcüstan hissəsində aparılan işlərin başa çatdırılması nəticəsində dəmir yolunun illik ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Gələcəkdə bu göstəricinin 17 milyon tona qədər artırılması planlaşdırılır.

Enerji sektorunda yönəldilən 111 milyon dollarlıq investisiyaların əsas hissəsini isə SOCAR-ın terminal layihələri və bərpa olunan enerji sahəsinə yatırımlar təşkil edir. meydan.tv