SOCAR-da başlanğıc əməkhaqqının rəsmi minimum əməkhaqqına olan nisbəti açıqlanıb.
Yeniavaz.com-un SOCAR-ın açıqladığı hesabata istinadən apardığı hesablama göstərir ki, Azərbaycan üzrə başlanğıc əməkhaqqının ölkədəki rəsmi minimum əmək haqqına nisbəti 2024-cü ildə həm kişilər, həm də qadınlar üçün 1,32 olub. Lakin, 2025-ci ildə isə bu göstərici 1-ə enib.
Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 2024-cü ildə 345 manat olub. 2025-ci ildən isə bu məbləğ 400 manata yüksəlib.
Beləliklə, SOCAR-ın təqdim etdiyi nisbətə əsasən, 2024-cü ildə başlanğıc əməkhaqqı 455 manat (268 dolları), 2025-ci ildə isə 400 manat (235 dollar) olub.
Bu o deməkdir ki, 2024-cü ildə SOCAR-da başlanğıc əməkhaqqı minimum əməkhaqqından 32 faiz yüksək olduğu halda, 2025-ci ildə bu fərq aradan qalxıb və göstərici minimum əməkhaqqı səviyyəsinə düşüb.
Müqayisə üçün bildirək ki, Azərbaycandan fərqli olaraq SOCAR-ın Türkiyədəki işçiləri üçün başlanğıc əməkhaqqı əhəmiyyətli dərəcədə yüksəlib
2024-cü ildə Türkiyədə başlanğıc əməkhaqqının minimum əməkhaqqına nisbəti kişilər üzrə 1,31, qadınlar üzrə 1,38 olub. 2025-ci ildə isə bu göstərici kişilər üzrə 1,69, qadınlar üzrə 2,70-ə yüksəlib.
Türkiyədə 2024-cü ildə minimum əməkhaqqı 20 002,50 lirə (609 dollar), 2025-ci ildə isə 26 005,50 lirə (658 dollar) olub.
Qeyd edək ki, milli valyuta ilə qeyd olanan məbləğ dollara çevrilən zaman həmin ilin orta illik məzənnəsi əsas götürülüb.
Bu nisbətə əsasən, “SOCAR Türkiyə”də 2024-cü ildə başlanğıc əməkhaqqı kişilər üçün 26 203 lirə (798 dollar), qadınlar üçün isə 27 603 lirə (841 dollar) təşkil edib.
2025-ci ildə isə bu göstərici kişilər üzrə 43 949 lirə (1 113 dollar), qadınlar üzrə 70 215 lirə (1 778 dollar) səviyyəsinə çatıb.
SOCAR-ın fəaliyyət göstərdiyi daha bir ölkədə - Gürcüstanda isə başlanğıc əməkhaqqının minimum əməkhaqqına nisbəti həm kişilər, həm də qadınlar üçün 2024-cü ildə 12, 2025-ci ildə isə 13,2 olub.
Gürcüstanda qanuni minimum əməkhaqqı 20 lari (7,4 dollar) səviyyəsindədir.
Bu nisbət əsasında “SOCAR Energy Georgia”da başlanğıc əməkhaqqı 2024-cü ildə 240 lari (88 dollar), 2025-ci ildə isə 264 lari (96 dollar) olub.
Ukraynada isə analoji göstəricilər son 2 ildə dəyişməz qalıb. Belə ki, Ukraynda SOCAR işçiləri üçün başlanğıc əməkhaqqının minimum əməkhaqqına nisbəti həm kişilər, həm də qadınlar üçün 2024 və 2025-ci illərdə 1,05 olub.
Ukraynada minimum əməkhaqqı 2024-cü ilin əvvəlində 7 100 qrivna olsa da, həmin ilin aprelindən 8 000 qrivna olub. 2025-ci ildə də minimum əməkhaqqı 8 000 qrivna (199 dollar) təşkil edib.
Beləliklə, həm 2024, həm də 2025-ci il üzrə “SOCAR Energy Ukraine”də başlanğıc əməkhaqqı 8 400 qrivna hesablanır. Məzənnə dəyişikliyi səbəbindən 2024-cü ildə bu göstərici 209, 2025-ci ildə isə 202 dollar olub.