Sosial şəbəkədə biz:
Prezidentin müəyyənləşdirdiyi hədəf Azərbaycana nə qədər valyuta gətirəcək? - DEPUTAT
Xəbər Şəkli

Prezidentin müəyyənləşdirdiyi hədəf Azərbaycana nə qədər valyuta gətirəcək? - DEPUTAT

19 June 2026, 15:41
İqtisadiyyat

Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bir sıra strateji məqamlara toxundu. Cənab Prezident bildirdi ki, məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır.

Prezidentin müəyyənləşdirdiyi hədəf Azərbaycana nə qədər valyuta gətirəcək?

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi regionun nəqliyyat və logistik habına çevirməkdədir. 2025-ci ildə dəmir yolları vasitəsi ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Onun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər olub. İdxal yükləri 4 milyon 723 min ton, ixrac isə 2 milyon 850 min ton olub. Dəmir yolları üzrə yük daşınmasından əldə olunan gəlir 383 milyon 996 min manat olub. Onun da 333 milyon 911 min manatı isə beynəlxalq yükdaşımaların payına düşüb. 

2025-ci ildə hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 2 milyard 398 milyon manat olub ki, onun da 2 milyard 397 miilyon manatı beynəlxalq yükdaşımaların payına düşüb.

Ötən il beynəlxalq yükdaşımalardan dəniz nəqliyyatı üzrə 57 milyon 382 min, boru kəmərlərii üzrə 266 milyon 560 min, avtomobil yolları üzrə 204 milyon 275 min manat gəlir əldə edilib. 

Bu ilin ilk rübünün rəsmi yekunları da ümidvericidir. Dəmiryolu vasitəsi ilə bu ilin 3 ayı əldə edilən gəlir 96 milyon 049 manat olub ki, onun da 81 milyon 765 min manatı beynəlxalq yükdaşımaların payına düşüb. Hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 571 milyon 292 min manat olub ku, beynəlxalq yükdaşımaların payı 571 milyon 50 min manatdır.

Rəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə etməsinə imkan yaradacaq. Bu iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin artmasına şərait yaradacaq.

Vüqar Bayramov, millət vəkili