Papoyan: Ermənistan və Azərbaycan biznesləri konkret məhsul üzrə danışıqlar aparır
Ermənistan və Azərbaycan biznes dairələri konkret bir məhsul üzrə danışıqlar aparır. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Nazirin sözlərinə görə, Ermənistan tərəfi təklif irəli sürüb və hazırda hər iki ölkənin biznes nümayəndələri bu istiqamətdə müzakirələr aparır:
“Biz təklif etmişik, indi konkret məhsul var ki, hər iki tərəfin biznes dairələri artıq danışıqlar və müzakirələr aparır”.
Papoyan Ermənistanın Azərbaycana hansı məhsulu təklif etdiyi və Azərbaycanın ölkəsindən nə ala biləcəyi ilə bağlı sualı cavablandırarkən məhsulun adını açıqlamayıb.
Papoyan çıxışında regiondakı vəziyyətin iqtisadi təsirlərinə də toxunub. O qeyd edib ki, İran ətrafında baş verən hadisələr uzanacağı təqdirdə bu, Ermənistan iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, artıq müəyyən risklər müşahidə olunur:
“İtkilər, şübhəsiz ki, davam edir – bəzi malların bahalaşması şəklində inflyasiya riskləri görürük. Bundan əlavə, Ermənistan bəzi malların istehsalı üçün İrandan xammal alır və bu halda da qiymət artımı riski yaranır”.
Papoyan bildirib ki, İranla ticarət dövriyyəsi əhəmiyyətli həcmdədir və münaqişənin uzanması uzunmüddətli iqtisadi təsirlərə səbəb ola bilər.
Eyni zamanda, o, münaqişənin qısa müddətdə başa çatacağına ümid etdiyini də vurğulayıb.