Nazir və iqtisadçıdan rəqəmlərlə fərqli "inkişaf" izahı
2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə əmək müqavilələrinin sayında qeyri-neft-qaz sektorunun özəl bölməsinin xüsusi çəkisi 38.5 faizdən 54.4 faizə yüksəlib. Sektorda müqavilələrin sayı isə 1.9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir.
AZƏRTAC-ın xəbərinə görə, bunu martın 5-də "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumdakı çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Dövlətə işləyənlərin sayı 50 min azalıb
İqtisadçı Natiq Cəfərlinin hesablamalarına görə, son beş ildə Azərbaycanda dövlət sektorunda çalışanların sayı 47 minə yaxın azalıb. Amma ümumilikdə muzdla işləyənlərin sayında artım var.
"...Ölkəmizdə muzdla çalışanların sayı cəmi 163 min nəfər artıb. Sırf özəl sektorda işçi sayı artımını nəzərə alsaq, 208 min işçi sayı artıb ki, bu da ilə 34 min əlavə iş yeri deməkdir. Amma, bu iş yerlərinin sayının artması vergi güzəştlərinə görə olmadı axı, ciddi yoxlamalar oldu, ZATƏN VAR OLAN iş yerləri rəsmiləşdi, yenisi yaranmadı və ya VÖEN-i olub xidməti müqavilə ilə çalışanları məcburən rəsmiləşdirilməsi baş verdi. Yəni, bu da yeni iş yerləri deyildi", - o, Facebook səhifəsində yazır.