Fikrət Yusifov: "Afrikanın geridə qalmış ölkələri ilə bir sırada dayanmaq bizim üçün utancvericidi"
2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının payına düşüb. Azərbaycan vətəndaşı ay ərzində xərclədiyi hər 100 manatın 50 manat 60 qəpiyini ərzaq məhsullarının alınmasına ödəyir.
Dünyada bu göstərici kasıblıq əlaməti sayılır, inkişaf etmiş ölkələrdə bu rəqəm 9% ilə 20% arasında dəyişir. Azərbaycan bu məsələdə Afrika ölkələrinə yaxındır, məsələn, Nigeriyada bu göstərici 58,9%, Keniyada isə 56,1% civarındadır. Gürcüstanda bu göstərici 32%, Rusiyada 38%, Ermənistanda 42,9%-dir.
Maraqlıdır, Azərbaycanda niyə illərdir xərclərin böyük hissəsi ərzaq məhsullarının alınmasına gedir?
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov Azinforum.az-a açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Rəsmi statistikanın təqdim etdiyi bu göstəricilər bizim hökumətin rəhbərliyini ciddi düşündürməlidi. Bu göstəriciyə görə Afrikanın geridə qalmış ölkələri ilə bir sırada dayanmaq bizim üçün utancvericidi. Biz bu gün özümüzü dünyanın orta səviyyədə inkişaf etmiş ölkələri sırasında görürüksə, insanlarımızın həyat səviyyəsini xarakterizə edən bu göstəcilərə görə zəif inkişaf etmiş ölkələri ilə bir sırada dayanmağımız anlaşılan ola bilməz. Deməli, bu vəziyyəti yaradan kökləri tapıb ortaya qoymalı və onları həlli yollarını tapmalıyıq. Azərbaycan özünün iqtisadi və maliyyə imkanlarına görə digər dövlətlərdən, xüsusilə də bir bölgədə olduğumuz ölkələrdən yetərincə üstün mövqeyə sahibdir. İnsanlarımızın daha çox qazanc əldə edə bilməsi üçün ölkədə kiçik və orta biznesin sürətli inkişafına hərtərəfli qapılar açmalıyıq. Bunun üçün ölkə iqtisadiyyatının real sektorlarının ayrı-ayrı sahələrinə milyardlarla yerli və xarici kapitalın yatırılmasını təmin edən addımlar atmalıyıq. Yəni bu kapitalın gəlişi qarşısındakı bütün əngəlləri aradan qaldırmalıyıq. Yalnız bu halda ölkə iqtisadiyyatında bir yüksəliş əldə oluna bilər və bu da öz növbəsində insanların maddi vəziyyətinin yüksək səviyyəyə qalxmasını təmin edər. Bu dediklərimiz baş verərsə, o halda insanlar aylıq gəlirlərinin yarısını deyil, ən pis halda 1/3 hissəsini ərzaq alışına sərf edərlər”.
VİDADİ