Sosial şəbəkədə biz:

Ərzaq qiymətlərində artım gözlənilir

Ərzaq qiymətlərində artım gözlənilir
Xəbər Şəkli
11 August 2026, 09:30
İqtisadiyyat

Qlobal bazarlarda taxıl, şəkər və bitki yağlarının qiymətlərində baş verən dəyişikliklər Azərbaycanda da ərzaq məhsullarının qiymətlərinə mümkün təsirləri gündəmə gətirir. Xammal və idxal qiymətlərində artımın un və un məmulatları, şirniyyat, yağ və digər ərzaq məhsullarının maya dəyərinə təsir göstərə biləcəyi bildirilir. Bu isə qiymətlərin yaxın dövrdə artıb-artmayacağı ilə bağlı suallar yaradır.

Bəs dünya bazarındakı bahalaşma Azərbaycanda hansı ərzaq məhsullarının qiymətlərinə daha çox təsir göstərə bilər və bu dəyişikliklər nə vaxt istehlakçılara yansıya bilər?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ərzaq təminatında xarici bazarlardan asılılığı kifayət qədər yüksəkdir.

Onun sözlərinə görə, buna görə də dünya bazarında baş verən istənilən ciddi qiymət artımı Azərbaycandakı ərzaq qiymətlərinə də bu və ya digər formada təsir göstərir:

“İstər-istəməz bunun təsiri olacaq. Xüsusilə də taxıl, şəkər, bitki yağları və digər əsas ərzaq xammallarının dünya bazarında bahalaşması Azərbaycanda həmin məhsulların və onlardan istehsal olunan digər ərzaq məhsullarının maya dəyərinin artmasına səbəb ola bilər.

Bu təsir yalnız birbaşa idxal olunan məhsullarda deyil, yerli istehsalda da özünü göstərə bilər. Çünki yerli istehsalçılar da müəyyən xammal və istehsal komponentlərini xaricdən alırlar. Nəticədə dünya bazarında baş verən bahalaşma Azərbaycanda istehsal olunan məhsulların maya dəyərinə də təsir edir və müəyyən müddətdən sonra bu, pərakəndə satış qiymətlərində özünü göstərə bilər.

Bizdə bu proses artıq rəsmi rəqəmlərdə də özünü göstərir. Ərzaq inflyasiyası 7 faizə yaxınlaşır. Bu da müəyyən mənada idxal inflyasiyasının təsirini göstərir. Mərkəzi Bank da öz hesabatlarında idxal olunan məhsulların və xarici bazarlarda qiymət artımının daxili qiymətlərə ciddi təsir göstərdiyini vurğulayır.

Yəni bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan xarici bazarlardan və qlobal qiymət dəyişikliklərindən kifayət qədər asılıdır. Dünya bazarında taxıl, şəkər, bitki yağları və digər əsas ərzaq məhsullarının qiymətlərində artım baş verdikdə, bunun Azərbaycana təsir etməməsi çox çətindir.

Burada əsas məsələ həmin təsirin miqyasını və istehlakçıya nə qədər müddət ərzində yansıyacağını müəyyənləşdirməkdir. Dünya bazarında qiymət artımı baş verdikdən sonra bunun Azərbaycanda dərhal, yoxsa müəyyən müddət sonra hiss olunması məhsulun idxal zəncirindən, ehtiyatların mövcudluğundan, logistika xərclərindən, məzənnədən və digər amillərdən asılıdır.

Ona görə də Azərbaycan üçün əsas məsələlərdən biri ərzaq təhlükəsizliyinin və yerli istehsalın gücləndirilməsidir. Ölkə daxilində əsas ərzaq məhsullarının istehsal imkanları nə qədər genişləndirilərsə, xarici bazarlardakı qiymət dalğalanmalarının daxili bazara təsirini müəyyən qədər azaltmaq mümkün olar. Əks halda, dünya bazarında baş verən hər bir ciddi bahalaşma gec-tez Azərbaycan istehlakçısının da xərclərində özünü göstərəcək”.

İqtisadçı Xalid Kərimli də dünya bazarında ərzaq qiymətlərində artımın müşahidə olunduğunu bildirib. O qeyd edib ki, Ümumdünya Ərzaq Təşkilatının indeksinə nəzər saldıqda, bir neçə əsas göstəricidə artım qeydə alınır.

Ekspertin sözlərinə görə, Qara dənizdə baş verən proseslər, o cümlədən Ukraynanın Qara dənizdə dronlarla gəmilərə hücum etməsi ərzaq qiymətlərinə artırıcı təsir göstərib:

“Çünki həm taxıl, həm də bitki yağı oradan keçir. Yəni qiymətlər artıb. Düzdür, 2021-2022-ci illərlə müqayisədə indeks ümumən aşağıdır. 2022-2023-cü illərdə indeks 140-ı keçmişdi, amma indi 131-dir. Amma 2024-2025-ci illərlə müqayisədə artıb. 2024-cü ildə indeks orta hesabla 122 olmuşdu, 2025-ci ildə 127 olmuşdu, indi isə 131-dir.

Qiymətlərdə ümumi artım var. Buna dünyada baş verən proseslər, enerji daşıyıcılarının qiymətlərinin qalxması, daşıma xərclərinin artması, Qara dənizdə baş verən proseslər, Hörmüzdə baş verən proseslər təsir edir.

Azərbaycana təsiri adətən 3-6 ay ərzində olur. Amma burada nüans nədir? Azərbaycan bu məhsulları əsasən Türkiyədən, Rusiyadan və Avropadan idxal edir. Burada təkcə həmin məhsulların dünya bazarındakı qiyməti yox, həm də həmin ölkələrdəki valyuta məzənnələri rol oynayır. Çünki biz həmin ölkələrin valyutasında bunları idxal edirik. Manatı dollara çevirib, dollardan həmin valyutalara çevirib alışlar edirik.

İndi ümumən artımlar müəyyən müddətdən sonra ölkə bazarına da təsir edir. Yəni bu, hardasa 3-6 aydan sonra təsir göstərir. Çünki yolda olan mallar və anbar qalıqları qiymətlərin ötürülməsini həm enişi, həm də qalxışı bir qədər ləngidir”,- deyə iqtisadçı fikrini tamamlayıb.