Əkrəm Həsənov: “İqtisadiyyat böyüməyib, kiçilib”
“Qeyri-rəsmi hesablamalar daha düzgün aparılsa görərik ki, iqtisadiyyat böyük ehtimalla nəinki böyüməyib, bəlkə də artıq kiçilib”.
Bunu Pravda.az-a açıqlamasında verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, bu proses davam edəcək: “Azərbaycan iqtisadiyyatı böyüməyəcək, kiçiləcək. Çünki qeyri-səmərəsiz iqtisadi model var. İllər boyu iqtisadiyyatımız nəyə əsaslanırdı? Neftdən gələn gəlirə…İndi isə neftimiz azalıb, hətta neftin qiyməti qalxsa da, bunun bizə təsiri, faydası dəymir artıq. Çünki neft hasilatı azalıb. Neft hasilatının azalması 2011-ci ildən azalmağa başlayıb, indi daha da azalıb. Nefti, qazı olmayan ölkələr var ki, bizdən qat-qat inkişaf ediblər. Ərazisi, əhalisinə görə bizə yaxın ölkələr, məsələn, İsrail, Avstriya, Çexiya bizimlə müqayisədə xeyli inkişaf ediblər. Nefti-filan da yoxdur, çünki səmərəli iqtisadiyyat qurublar. Səmərəli iqtisadiyyat nədir? Birinci növbədə özəl sahibkarlıq. Yəni insanlara sərbəstlik verilməlidir. Bizdən ərazi, əhalisinə görə xeyli geridə qalan qonşularımız – Gürcüstan, Ermənistan artıq bizdən daha çox inkişaf edir. Çünki qanunçuluq, sərbəstlik var. Bizdə bütün iqtisadiyyat inhisarlaşıb. Ya dövlət şirkətləridir, ya da dövlətə yaxın olan böyük holdinqlərdir. Biz də bunu SSRİ misalında görmüşük. SSRİ vaxtında da belə idi, hər şey bir əldə idi, ona görə də iqtisadiyyat da çökdü, SSRİ də. İqtisadiyyat belə olmur, işləmir. Bəzən deyirlər iqtisadiyyatımız niyə böyümür? Bunun üçün özəl investisiyalar lazımdır. Bizdə o yoxdur. Hər şey dövlətin investisiyalarıdır. O da yeyilir, dağıdılır”.