Təkcə bir ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) faktiki işçi sayı 3 minə yaxın azalıb.
Qurumun bu gün, avqustun 12-də açıqladığı 2025-ci il üzrə dayanıqlıq hesabatında işçilərin sayı 45 min 227 nəfər göstərilir.
Halbuki, 2025-ci il yanvarın 1-i üçün işçi sayı 48 min 69 nəfər qeyd edilib.
Həmin rəqəmlərdən bəlli olur ki, son bir ildə SOCAR-ın işçilərinin sayı 2 min 842 nəfər azalıb.
Son vaxtlar hüquq müdafiəçiləri SOCAR-da kütləvi məcburi ixtisarların olmasına dair şikayətlərin artdığını vurğulayırlar. Amma bu qurum rəsmilərindən hələlik bu şikayətlərə münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl də SOCAR-ın işçilərinin sayında azalmaların olduğu bildirilirdi. Amma rəqəmin illər üzrə bu qədər kəskin olduğu açıqlanmamışdı. Məsələn, bundan əvvəlki beş ildə ümumilikdə 3 min 600-dən çox işçinin azaldığı bildirilirdi.
SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.
Məqsəd kimi ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək və yanacaq-enerji kompleksinin inkişafını təmin etmək göstərilir.
SOCAR-ın fəaliyyəti, əsasən, altı sahəni - neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.