Sosial şəbəkədə biz:
Beynəlxalq Bankdan istifadəçilərə “sürpriz”: 5 dəfə azaltdı, pul tutur...
Xəbər Şəkli

Beynəlxalq Bankdan istifadəçilərə “sürpriz”: 5 dəfə azaltdı, pul tutur...

11 February 2026, 08:34
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı bir müddət öncə böyük təbliğat apararaq, istifadəçilərinə onlayn qaydada sifarişlə və pulsuz olaraq təqdim etdiyi və ünvana çatdırdığı tam kartlarda növbəti dəyişiklik edib.

2024-cü ildə ABB tam kart istifadəçilərinə ayda 15 min manata qədər köçürmə, nağdlaşdırma və digər əməliyyatlar üçün pulsuz xidmət təklif edərək, çoxsaylı istifadəçi toplaya bildi. Xidmətin üstünlükləri sırasında kartın pulsuz təqdim edilməsi, üstəlik ünvana çatdırılması da vardı. Həmçinin kart sifarişinin onlayn qaydada həyata keçirilməsi ABB tam kartını cəlbedici edirdi.

Qısa müddətdən sonra isə ABB aylıq pulsuz dövriyyəni 7 minə, bir neçə ay öncə isə artıq 3 min manata qədər məhdudlaşdırıb. Hazırda 3 min manatlıq limitdən sonra bütün nağdlaşdırma və köçürmə əməliyyatları üçün 1% tutulur, hətta karta pul yükləməyə də faiz alınır. Belə ki, tam karta pul yükləyəndə 0,5% tutulur.

Tam kartlar 5 il müddətinə deyilən şərtlər əsasında təqdim edilib. Bir ildən sonra ABB-nin şərtləri dəyişməsi və 5 il müddətinə təqdim etdiyi tam kartlarda pulsuz dövriyyəni azaltması heç də vətəndaş məmnunluğu yaratmır, əksinə, bu, vətəndaşları müxtəlif variantlarla ABB-yə cəlb etdikdən sonra onlara xəbərdarlıq etmədən və elan vermədən yeni qaydalar tətbiq etməklə istifadəçi hüquqlarının pozulması şübhəsi yaradır. Çünki bəzi istifadəçilər yeni qərarlardan xəbərsizdirlər və limiti keçməsinin fərqinə varmırlar, nəticə etibarilə bilmədən ABB-nin faiz tutulmalarına məruz qalırlar.   BakuPost