Sosial şəbəkədə biz:
Banklar, yoxsa lombardlar: əhali üçün hansı daha cəlbedicidir?
Xəbər Şəkli

Banklar, yoxsa lombardlar: əhali üçün hansı daha cəlbedicidir?

15 July 2026, 16:31
İqtisadiyyat

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əhaliyə krediti banklarla yanaşı, bank olmayan kredit təşkilatları, yəni lombardlar da verir.

Hazırda Azərbaycanda 2 dövlət və 20 kommersiya bankı fəaliyyət göstərir. Lombard fəaliyyətilə isə 1200-ə yaxın hüquqi və fiziki şəxs məşğul olur.

Görəsən, kredit almaq və sonradan borcu ödəmək baxımından əhali üçün banklar, yoxsa lombardlar daha əlverişlidir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Rəşad Həsənov Bakupost.az-a bildirib ki, əslində əlverişlilik aspektindən lombardlarla bankların müqayisə edilməsi doğru deyil:

“Lombardlar çarəsiz olan, daha əlverişli şərtlərlə banklardan kredit əldə edə bilməyən sosial qruplara münasibətdə formalaşdırılan bir alətdir. Azərbaycanda 2015-ci ildə baş verən iqtisadi-maliyyə böhranından sonra trendlər məhz bu istiqamətdə daha da güclənib".

Kredit borclanmaya münasibətdə müqayisə apardıqda ekspert bir neçə parametrə diqqət yetirməyi vacib bildi:

“Aydındır ki, lombardlarda faizlər hər zaman daha yuxarı olub. Hazırda aylıq 3-5 faiz nisbətində faiz tətbiq edilir ki, bu da illik dərəcənin 50-60 faizə gəlib çıxması deməkdir. Banklarda isə bu göstərici 2-2,5 dəfə daha aşağıdır. Yəni daha aşağı faizlə borclanma imkanı baxımından banklar daha sərfəlidir”.

Müsahibimiz deyir ki, məsələyə ipoteka borclanması aspektindən yanaşdıqda da banklar daha etibarlıdır:

“Çünki burada proses requlyator qurum tərəfindən ciddi şəkildə tənzimlənir. Nəzarət var və qismən də olsa sığorta mexanizmləri işləyir. Habelə, dəymiş zərərin kompensasiyası məqsədilə məcmu kapital tələbi kimi istehlakçıların hüquqlarını müdafiə mexanizmləri də mövcuddur. Lombardlarda isə qanunun qəbul edilməməsi səbəbindən bu istiqamətdə heç bir təsiredici alət yoxdur”.

İSİM sədrinin sözlərinə görə, sığorta mexanizminin, lombard fəaliyyətini tənzimləyən hüquqi çərçivənin, nizamnamə kapitalı tələbinin olmaması kimi faktorlar da bankların daha üstün mövqedə olduğunun göstəricisidir:

“Lombardlar vətəndaşın girov olaraq təqdim etdiyi əşyaların dəyərini də daha aşağı qiymətləndirir. Eyni zamanda, onları düzgün şəkildə saxlamır, qorumur. Bəzi hallarda lombard işlədən şəxs vətəndaşdan girov olaraq aldığı zinət əşyalarından öz məqsədləri üçün istifadə edir. Sığorta mexanizminin, lombard fəaliyyətini tənzimləyən hüquqi çərçivənin, nizamnamə kapitalı tələbinin olmaması kimi faktorlar nəticəsində də istehlakçılar ciddi şəkildə zərər görür”.

R. Həsənov qeyd edir ki, lombardların banklara münasibətdə yeganə üstünlüyü onların girov qarşılığında verdiyi vəsaitə görə, ciddi sənədləşmə tələb etməməsi, vətəndaşın gəlirinin əhəmiyyətinin olmaması və daha çevik şəkildə vəsaitlərdən istifadə imkanı yaratmasındadır:

“Ümumi mənada həm biznes, həm də vətəndaş üçün bank vəsaitlərindən istifadə daha əlverişlidir. Yalnız banklardan kredit götürə bilməyənlər lombardlara müraciət edirlər”.