Rusiya Ermənistandan tərəvəz idxalını qadağan edir
Rusiya bu il mayın 30-dan Ermənistandan ölkəyə təzə pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalını qadağan edəcək.
"Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) bildirir ki, məhsulların təhlükəsizliyini təmin etmək üçün “müvafiq mexanizm hazırlanadək” tədarükə müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
"Qərar Ermənistandan Rusiyaya meyvə-tərəvəz tədarükü zamanı pozuntuların artması ilə əlaqədar, fitosanitar təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib", –qurumun bəyanatında bildirilir.
Açıqlamaya görə, mayın 21-dən 27-dək qurum Ermənistan müəssisələrində yoxlamalar aparıb və bir sıra pozuntular aşkarlayıb.
Bundan əvvəl "Rosselxoznadzor" Ermənistandan Rusiyaya gül idxalını da qadağan etmişdi. Digər bir Rusiya qurumu – "Rospotrebnadzor" isə üç böyük erməni istehsalçısının alkoqollu məhsullarının satışını dayandırıb, həmçinin Ermənistandan "Cermuk" mineral suyunun Rusiyaya idxalını və satışını qadağan edib.