Sosial şəbəkədə biz:
Azərbaycan neftinin qiyməti bu həddə qədər enəcək - ŞƏRH
Xəbər Şəkli

Azərbaycan neftinin qiyməti bu həddə qədər enəcək - ŞƏRH

16 June 2026, 09:42
İqtisadiyyat

Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında uzun müddətdir, davam edən qarşıdurmaya son qoyacaq sülh sazişi üzrə razılıq əldə olunub. Hazırda sənədin yekun texniki mərhələləri üzərində iş aparılır. ABŞ və İran arasında əldə olunan razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Bəs bu razılaşma neft qiymətlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ABŞ-İran arasındakı razılaşma neftin qiymətinə artıq bir həftədir ki, təsir edir.

O bildirib ki, neft son bir ayda 24 faizə qədər ucuzlaşıb: “Sülh müqaviləsi imzalanandan və Hörmüz boğazının açılması, tam gücü ilə işləməsinə əminlik yarandıqdan sonra biz bu enişləri daha da çox müşahidə edəcəyik. Neftin yeni qiymətinin 70-80 dollar arası formalaşacağını görəcəyik. Müharibə başlamazdan öncə isə bu 55-60 dollar arası idi. Müharibə dönəmində də 100-120 dollar arasında dəyişirdi. Hazırda dərhal eyni qiymətlərə düşməyəcək. Çünki müharibə dövründə həmin zonadakı neft və qaz sənayesinə müəyyən ziyanlar vurulub. Həmçinin daşıma, sığorta xərclərinin dərhal aşağı düşməsi gözlənilmir. Müəyyən zamana ehtiyac var ki bu xərclər endirilsin, əminlik yaransın, risklər aşağı düşsün. Bundan sonra isə orta müddətli dövrdə xüsusilə də payıza doğru sülh olarsa, nüvə silahı ilə bağlı da razılaşma əldə edilərsə, Hörmüz boğazı da işlək vəziyyətdə olarsa, neft qiymətinin 70 dollar ətrafına enəcəyini payızda görə bilərik”.