Sosial şəbəkədə biz:
Yeni qərar məhkəmələrin yükünü artıracaq: Boşanma da çoxalacaq?
Xəbər Şəkli

Yeni qərar məhkəmələrin yükünü artıracaq: Boşanma da çoxalacaq?

24 February 2026, 09:10
Gündəm

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək.

Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.

Qərarda bildirilib ki, ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydaları ailənin möhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsi məqsədlərinə xidmət edir.

Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq və azadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir.

Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır. Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə oluna bilər.

Məsələn, məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), yaşadığı evdən qovma və ailə qanunvericiliyinə zidd digər davranışlar.

Ər-arvaddan birinin boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi (məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər), habelə nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər (məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.) hüquqazidd əməl kimi qiymətləndirilə bilməz.

“Femida” Vəkil Bürosunun vəkili Anar Ramazanov “Cebheinfo.az”-a bildirib ki, həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də Ali Məhkəmənin müvafiq qərarı ilə şəxsiyyət hüquqları, işgüzar nüfuz, şərəf və ləyaqətin qorunması məsələləri daha detallı və aydın şəkildə tənzimlənməyə başlanılıb.

Onun sözlərinə görə, əvvəllər məhkəmə təcrübəsində baxılmayan bir sıra iddialara artıq məhkəmə müdafiəsi qaydasında baxılması təsbit olunub:

“Ali Məhkəmə Plenumunun qərarından sonra həm fiziki, həm də hüquqi şəxslər şərəf və ləyaqətin, eləcə də işgüzar nüfuzun qorunması ilə bağlı, o cümlədən ailə məsələləri üzrə məhkəməyə müraciət edə bilərlər.

Bu dəyişiklik məhkəmə iddialarının artmasına səbəb ola bilər. Lakin bu, vəkil çatışmazlığına gətirib çıxarmayacaq. Hazırda ölkədə 3 minə yaxın vəkil fəaliyyət göstərir və vəkilliyə qəbul üzrə müntəzəm imtahanlar keçirilir.

Vəkillərin sayının artırılması məsələsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin daim diqqət mərkəzindədir. Regionlarda yeni vəkil qurumlarının yaradılması istiqamətində sistemli iş aparılır.

İndiyədək yeni normativ hüquqi aktların və ya məhkəmə qərarlarının qəbulundan sonra vəkil çatışmazlığı tendensiyası müşahidə olunmayıb”.