Sosial şəbəkədə biz:

“Umud Mirzəyev ANAMA-da İctimai Şuranın sədri kimi nə edir, mina axtaranlara “qorxma-qorxma” deyir?”

“Umud Mirzəyev ANAMA-da İctimai Şuranın sədri kimi nə edir, mina axtaranlara “qorxma-qorxma” deyir?”
Xəbər Şəkli
13 August 2026, 09:54
Gündəm

Deyərdim ki, Umud Mirzəyev (Rəhimoğlu) Azərbaycan ictimai-siyasi mühitində ən çox gözə batmayan adamlardan biridir.

 

Yəni baxmayaraq ki, hər yerdədir, həm də heç yerdə görünmür.

 

Baxmayaraq ki, həm də şair-publisistdir, elə daha çox ədəbiyyatda yoxdur.

 

Məsələn, bu günə qədər görmədim ki, bir adam barmağını qatlaya, deyə, Umud Mirzəyevin bir yaxşı şeiri, sözü var. Əksinə, onun haqqında indi ancaq yaxşı və çoxlu vəzifələri var demək mümkündür.

 

Bu, sözsüz ki, istedada, talanta bağlı məsələdir.

 

Məsələn, belə deyim. Umud Rəhimoğlu elə bir adamdır ki, haqqında yazılan yazılar özünün indiyə yazdığı yazılardan daha çoxdur.

 

Bütün bunların isə səbəbi heç özümə də məlum deyil.

 

Açığı, vikipedik olaraq baxanda, elə bilirsən ki, Umud Mirzəyev nəinki Azərbaycanı, hətta dünyanı fəth edəcək.

 

Gəlin, olduğu bir neçə məqama baxaq:

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Əməkdar mədəniyyət işçisi, ictimai xadim, jurnalist, şair-publisist, AYB üzvü, Mətbuat Şurasının sədr müavini və s.

 

Yaxşı, bəs kim onu hansı profildə görüb?

 

Mən şəxsən Umud müəllimi daha çox yasdan yasa görürəm. Nə hikmətdirsə, bütün ölən adamların ən yaxın dostu da o olur. Bütün ölən adamlarla ən sonuncu danışanlardan biri də odur.

 

Çox vaxt mərhumla bir gün əvvəl görüşmüş də ola bilir və təxminən deyir ki, o, sanki öz ölümünü hiss edirdi.

 

Bəlkə də, bu səbəbdir ki, haqqında yazan adamlar təqdir olunmalı yaradıcılıq filan tapmadıqları üçün daha çox yaxşı insan, yaxşı dost, qayğıkeş adam olduğunu qeyd edirlər. İnanıram ki, belədir.

 

Ancaq Umud Mirzəyevin vikipedik həyat yolu həm də bir az qəribədir.

 

Məsələn, deyilir ki, onun Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında, QHT-nin dövlət münasibətlərinin güclənməsində xidmətləri vardır və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun qurucularındandır.

 

Sual olunur, hansı xidmətlər?

 

Yəni dedik ki, xidməti var, amma hanı o xidmət? “Moşennik”indən tutmuş ortabab QHT-niklərdən kim deyə bilər bu xidmətlərin nədən ibarət olduğunu? Ümumiyyətlə, ölkədə artıq QHT var ki, hələ bir xidmət də olsun?

 

Bəs vətəndaş cəmiyyəti? Heç vətəndaş cəmiyyətinin özünün bundan xəbəri varmı?

 

Vətəndaş cəmiyyəti bu dəqiqə müxalif fikirli gənclərdən ibarətdir. İndi belə çıxır, Umur Mirzəyev müxalifətçi yetişdirib?

 

Umud Mirzəyevin, az qala, Azərbaycanda sədri olmadığı, mahiyyətcə ictimaiyyətin xəbəri olmadığı nə şura ki, var, hamısının sədri, ya da sədr müavinidir.

 

Düzü, mən hər şeyi hardasa başa düşərəm, deyərəm, eybi yox, bura Azərbaycandır, ola bilər. Ancaq təkcə bunu yox.

 

Umud Mirzəyev eyni zamanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında İctimai Şuranın sədridir.

 

Yenə deyirəm, Mətbuat Şurasını, Yazıçılar Birliyini başa düşdüm, bəs ANAMA-da nə işi var? Tutaq ki, oldu ictimai şuranın sədri, orada neyləyir? Mina axtaran adamlara “qorxma-qorxma” deyir? Umud Mirzəyevin bu məsələ ilə hansı fiziki və mənəvi əlaqəsi ola bilər?

 

Başa düşürəm, bilirəm ki, Umud müəllim Qarabağa aid söhbətlərdə öndə gedənlərdəndir.

 

Yəni məsələn, onun təşəbbüsü ilə müxtəlif ölkələrin jurnalistlərinin dəstəyi ilə yaradılan BAMF, xarici media nümayəndələrinin keçmiş Sovet məkanındakı münaqişə bölgələrinə səfərlərinin təşkili və obyektiv informasiyanın yayılması istiqamətdə fəaliyyət göstərib.

 

Rəhbərliyi altənda BAMF, Dağlıq Qarabağ münaqişəsinin ən qaynar vaxtlarında xarici ölkələri təmsil edən jurnalistlərin, xalq diplomatlarının cəbhə xəttinə yaxın ərazilərə yüzdən artıq səfərlərini reallaşdırmış, Ermənistan ordusunun törətdiyi cinayətlərlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində xidmətlər göstərmişdir.

 

Ancaq bu, o demək deyil ki, Qarabağla bağlı nə söhbət oldusa, hamısında olmaq lazımdır.

 

Mənə elə gəlir ki, ümumiyyətlə, Qarabağın çörəyini balaca QHT-lərdən tutmuş böyük layihələrə qədər yeyilib. Daha bu qədər bəsdir.

 

Bu mənada, Umud Mirzəyevi ən uğurlu füzulili kimi də qeyd etmək olar. Hətta Seyran Səxavətdən də uğurlu.

 

Açığı, heç Manaf Ağayev belə Qarabağın çörəyini o qədər yemir ki, Umud Mirzəyev bunu ən yaxşı şəkildə bacarır.

 

Orxan Saffari

Yazar