Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib.
Ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin acı məğlubiyyətinin verdiyi natamamlıq kompleksi özünü belə əsassız iddialarda göstərir. Qarabağın azad edilməsində Azərbaycan Ordusunun rolunu kiçiltməyə, qələbəni başqa ölkələrin hərbi qüvvələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışırlar.
Lakin bu iddiaların heç biri indiyədək tutarlı faktlarla əsaslandırılmayıb.
Buyurun, ortaya bircə əsaslı sübut qoyun: Qarabağı Azərbaycan Ordusunun deyil, başqa ölkələrin hərbi qüvvələrinin azad etdiyini təsdiqləyən hansı faktınız var?
Yoxdur!
Tatevik Ayrapetyan deyib ki, 44 günlük müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov yoxa çıxandan sonra orduya guya türk generalları rəhbərlik edib.
Elementar hərbi biliklərə bələd olan hər kəs anlayar ki, belə bir iddia reallıqdan uzaqdır və praktik baxımdan mümkün deyil.
Gəlin, bir-bir izah edim, Ermənistanda qananlar qanmayanlara da başa salsınlar:
1) Əvvəla, Qarabağ bölgəsi elə mürəkkəb bir coğrafiyadır ki, onun relyefini öyrənmək üçün illər lazımdır. Yəqin, məntiqi olan hər kəs razılaşar ki, yenicə gəlmiş türk generallarının belə qısa vaxtda ərazini öyrənib əməliyyat planlaması mümkün deyil. Üstəlik şiddətli döyüşlərin getdiyi bir vaxtda.
2) Azərbaycan SQ-nin Baş Qərargahında Nəcməddin Sadıqovdan başqa xeyli təcrübəli generallar, zabitlər var. Onlar illərdir, bu əməliyyatlara hazırlaşırdı və ərazini təhlil edib, hansı istiqamətlərdən hücumun effekt verəcəyini dəqiqləşdirmişdilər. Yəni bu müharibəni yalnız 30 ildir o regiona hakim olan Azərbaycan Hərbi Komandanlığı apara bilərdi.
3) Hücum əməliyyatı yalnız hərbi qüvvələrin irəliləməsindən ibarət deyil, həm də uzunmüddətli kəşfiyyat məlumatlarının toplanmasını, təhlilini və düzgün qiymətləndirilməsini tələb edir. Azərbaycan kəşfiyyatı işğal altındakı ərazilərdə illər ərzində sistemli iş apararaq Ermənistan qoşunlarının dislokasiyasını, müdafiə mövqelərini, qüvvə və vasitələrinin hansı istiqamətlərdə cəmləşdirildiyini öyrənmişdi. Bu məlumatlar Azərbaycan Ordusunun hərbi rəhbərliyinə məlum idi və əməliyyat planlarının hazırlanmasında mühüm rol oynayırdı. Bütün bu məlumatlara, ərazi xüsusiyyətlərinə bələd olmayan başqa bir ölkənin generalının qısa müddətdə vəziyyəti tam mənimsəyərək əməliyyatlara rəhbərlik etdiyini iddia etmək məntiqə ziddir.
4) 2020-ci il oktyabrın 4-də Müdafiə Nazirliyinin yaydığı xəbərə əlavə olunmuş fotoda Nəcməddin Sadıkov da Ordu rəhbərliyi arasında görüntülənmişdi. Bu o tarix idi ki, Azərbaycan Ordusu artıq MÜDAFİƏ XƏTTİNİ YARMIŞ, bir sıra kəndləri işğaldan azad etmiş, eləcə də Üçrəngli Bayrağımızı Cəbrayıla sancmışdı. Yəni həmin vaxt Ordunun baş qərargah rəisi hansısa türk generalı yox, Nəcməddin Sadıqov idi.
5) Azərbaycan Ordusunun generallarının hərbi əməliyyatların planlaşdırılması və idarə olunmasında iştirakını təsdiqləyən çoxsaylı görüntülər mövcuddur. Həm cəbhə xəttində, həm də qərargahlarda çəkilmiş kadrlarda generallarımızın xəritələr üzərində vəziyyəti təhlil etdikləri, mümkün əməliyyat istiqamətlərini müzakirə etdikləri və hərbi qərarların qəbulunda iştirak etdikləri aydın görünür. Bu görüntülər Azərbaycan Ordusunun öz komandanlıq və idarəetmə sistemi əsasında fəaliyyət göstərdiyini göstərən mühüm faktlardır.
Ümumiyyətlə, işğaldakı torpaqların azad edilməsi əməliyyatına Ali Baş Komandan olaraq İlham Əliyev rəhbərlik edib və tarixi qələbəni Azərbaycan Dövləti, Azərbaycan Ordusu, Azərbaycan Xalqı qazanıb.
Yekun olaraq: Türkiyə və Azərbaycan qardaş ölkələrdir. İki müttəfiqin hərbi, kəşfiyyat baxımından bir-birinə dəstək verməsi son dərəcə təbiidir. 44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin Azərbaycana həm kəşfiyyat, həm də hərbi texnika dəstəyi verməsi tamamilə normaldır. Lakin bunu “Qarabağ müharibəsini türk generalları apardı” kimi təqdim etmək siyasi əbləhlik, hərbi bixəbərlik və total cahillik nümunəsidir. Globalinfo.az