Tural Abbaslı: “Naxçıvan boşalır, yeni iş yerləri, inkişaf isə yoxdur...”
“Naxçıvanda yeni heç bir şey yoxdur. İnsanlar onsuz da yeni nəsə istəmirlər. Sadəcə, normal qazanc əldə etmək üçün iş yeri, normal yaşayış üçün şərait istəyirlər. Təəssüflə qeyd etməliyik ki, belə bir şərait yoxdur. Yeni iş yerləri açılmayıb, gənclərin Naxçıvandan yenə də kütləvi şəkildə çıxmaq məsələsi gündəmdədir. Nəinki gənclər, ümumiyyətlə, Naxçıvan əhalisinin böyük əksəriyyəti qonşu ölkələrə işləmək üçün gedirlər, Naxçıvan boşalır, yeni iş yerləri, inkişaf isə yoxdur. Həyat olduğu kimi davam edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
“Rüşvət, korrupsiya faktlarının əvvəlki qədər olub-olmadığını deyə bilmərəm. Bu barədə məlumatım yoxdur. Hər halda Naxçıvanın gündəlik həyatında müsbətə doğru hansısa dəyişikliyin olduğunu deyə bilmərəm. İnanmıram ki, birbaşa dövlət proqramı, dövlətin müdaxiləsi olmadan hansısa səlahiyyətli nümayəndə Naxçıvanda irimiqyaslı, müsbət mənada dəyişikliklərə nail olsun. Burada dövlətin də gücündən istifadə olunmalıdır. Naxçıvana investisiyaların, iş adamlarının cəlb olunması, istehsal müəssisələrinin yaradılması kimi imkanlardan istifadə etmək lazımdır”, - partiya sədri bildirib.