Tramp İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb
Tramp İranın enerji infrastrukturuna zərbələri iki həftə müddətinə təxirə salıb.
Bu barədə ABŞ prezidenti Donald tramp öz “Truth” hesabında məlumat verib.
“Baş nazir Şahbaz Şərif və Pakistanın feldmarşalı Asim Munir ilə danışıqlara və onların bu gecə İrana göndərilən dağıdıcı qüvvənin qarşısını almağımı xahiş etmələrinə və İran İslam Respublikasının Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verməsinə əsasən, İranın bombardmanını və hücumunu iki həftə müddətinə dayandırmağa razıyam. Bu, ikitərəfli atəşkəs olacaq! Bunu etməyimin səbəbi, artıq bütün hərbi məqsədlərə çatmağımız və onları aşmağımız, İranla uzunmüddətli sülh və Yaxın Şərqdə sülh haqqında qəti sazişin üzərində çox irəliləməyimizdir. İrandan 10 bəndlik təklif aldıq və bunun danışıqlar üçün işlək bir əsas olduğuna inanırıq. Keçmiş mübahisəli məsələlərin demək olar ki, hamısı ABŞ və İran arasında razılaşdırılıb. Lakin iki həftəlik müddət sazişin yekunlaşdırılmasına və həyata keçirilməsinə imkan verəcək. Prezident olaraq və Yaxın Şərq ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları adından bu uzunmüddətli problemin həllinə yaxınlaşmağımız mənim üçün şərəfdir. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”, – Tramp bildirib.

