Bir qrup şəxs Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiya imtahanından narazılıq edir.
Yeniavaz.com-a müraciət edən sözügedən şəxslərdən Etibar Məmmədov iddia edir ki, məqsəd kitabxanaçını qiymətləndirmək yox, onu işdən çıxarmaq üçün bəhanə axtarmaq olub.
“İllərlə kitabxanalarda çalışan, min bir çətinlik içində oxucuya xidmət göstərən insanlara İKT və şəbəkə texnologiyaları ilə bağlı suallar verilib. “İnternet şəbəkəsinin ünvanlaşdırılması sistemi”, “domen adları sistemi” və buna bənzər mövzular.
Neçə ay əvvəl hansı kitabxanaya mütəxəssis göndərildi? Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi? Cavab çox sadədir: heç biri.
Əvvəl insanı hazırlayarsan, sonra biliyini yoxlayarsan. Hazırlamadan imtahana çəkmək qiymətləndirmə deyil, cəzalandırmaqdır”, - deyə E. Məmmədov bildirib.
O deyir ki işdən çıxarılanların böyük hissəsi ömrünü kitabxanaya həsr etmiş insanlardır:
“Az maaşla işləyiblər, bəzən interneti öz hesablarına çəkdiriblər, kreditə noutbuk alıb işə aparıb-gətiriblər. İndi isə onlara “domen sistemi”ni bilmədikləri üçün qapı göstərilir.
Ən acınacaqlısı isə odur ki, onların çoxu yaşlı insanlardır. Bu yaşda iş tapmaq onsuz da çətindir. Yüzlərlə ailənin dolanışığını riskə atmaq hansı islahatın tərkib hissəsidir?
Əgər məqsəd kitabxanaları rəqəmsallaşdırmaqdırsa, buna etiraz edən yoxdur. Amma rəqəmsallaşma insanların taleyi hesabına aparılmamalıdır. Texnologiyaya keçid bir gündə olmur. Bunun yolu təlimdir, hazırlıqdır, dəstəkdir. Sonra attestasiya.
İslahat adı ilə insanların illərlə qazandığı təcrübəni bir neçə texniki sualın arxasında heçə saymaq nə ədalətdir, nə də peşəkarlıq”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə ünvanladığımız sorğuya belə cavab verilib:
“Nazirliyin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərində informasiya texnologiyaları və rəqəmsal resursların idarə olunması sahəsində çalışan işçilərin peşə biliklərinin, bacarıqlarının, səriştələrinin və tutduqları vəzifəyə uyğunluğunun qiymətləndirilməsi məqsədilə attestasiyaya başlanılıb.
Attestasiya sualları işçilərə əvvəlcədən təqdim olunmuş proqramda nəzərdə tutulan mövzu və istiqamətlər əsasında hazırlanıb. Attestasiya otaqları zəruri kompüter avadanlığı ilə təmin edilib, attestasiya komissiyaları isə sahə üzrə mütəxəssislər və aidiyyəti həmkarlar ittifaqlarının nümayəndələrinin iştirakı ilə 5 nəfərlik tərkibdə formalaşdırılıb.
Hər bir işçi ilə attestasiya fərdi qaydada keçirilmiş, yekunda komissiya tərəfindən sadə səs çoxluğu əsasında işçinin tutduğu vəzifəyə uyğunluğu qiymətləndirilib və nəticə dərhal onun diqqətinə çatdırılıb.
Qeyd edək ki, 2023-cü ildən bu günədək Azərbaycan Milli Kitabxanası tərəfindən bütün regionlar üzrə KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi və müasir kitabxana xidmətləri istiqamətində mərhələli təlimlər həyata keçirilib. Təlimlərə respublika əhəmiyyətli kitabxanaların və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları cəlb olunub.
Eyni zamanda, Nazirliyin tabeliyində fəaliyyət göstərən kitabxanalarda maddi-texniki bazanın gücləndir ilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir”.