“Azərbaycan Beynəlxalq Bankı”nın vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə ittiham olunan Dünyamin Xəlilov və Azad Cavadovun barəsində cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə iyunun 12-də Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, Dünyamin Xəlilov və Azad Cavadov 2001-2015-ci illər ərzində Beynəlxalq Bankın sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə cinayətkar qrup yaradaraq “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi”nə rəhbərlik ediblər. Onların bu müddət ərzində ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsədikləri bildirilir.
Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Dünyamin Xəlilov 2005 – 2010-cu illərdə Milli Məclisin deputatı olub.