Son illər sənədsiz evlərə çıxarışların verilməsi aktual məsələlərdən birinə çevrilsə də, hazırda bu istiqamətdə ciddi irəliləyiş müşahidə edilmir.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib ki, sənədsiz fərdi yaşayış evlərini iki əsas kateqoriyaya bölmək mümkündür:
“Birinci qrupa müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlər daxildir. İkinci qrupa isə ümumiyyətlə, heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər aiddir. Tikilinin özbaşına hesab olunması üçün üç əsas meyar mövcuddur:
- tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edilməsi;
- qanunvericiliklə tələb olunan icazələr alınmadan tikilməsi;
- tikinti norma və qaydalarının pozulması.
Bu meyarlardan hər hansı biri mövcud olduğu halda tikili özbaşına tikinti hesab olunur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır”.
Bəs bu şəraitin yaranmasına görə, hansısa dövlət qurumları məsuliyyət daşımırmı? Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyub illərdir işıq-qaz-su satılıbsa, bu xidmət üçün dövlət şirkətinə ödəniş olubsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov “Cebheinfo.az”-a bildirib ki, evlərin hamısının sənədsiz olması ilə bağlı səslənən fikirlər yalnışdır:
“Çünki həmin evlərin 10-15 faizinin sənədi olmasa, tam qeyri-qanunu olsa belə, 85-90 faizinin sənədləri var. Belə ki, 1990-cı illərdən başlayaraq müxtəlif dövrlərdə rayon icra hakimiyyətləri, kolxoz, sovxoz, digər qurumlar və orqanlar tərəfindən ayrılmış torpaq sahələrində evlər tikilib.
Hazırda bu evlərin çıxarışı yoxdur, deməli özəlləşdirilməyib. Yəni bu evlərə tamamilə sənədsiz demək yalnışdır. Həmin evlər illərdir ki, rəsmi qaydada qaz, su, işıqla dövlət tərəfindən təmin edilib və bələdiyyələr tərəfindən vergilər alınır.
Yəni onların bəzi sənədləri var. Digər tərəfdən nəzərə alsaq ki, istər DİN, istər məhkəmə oraqanları olsun, istərsə də dövlətin müvafiq qurumları tərəfindən bu evlərə hər hansı bir məktub göndərilirsə, bunun hüquqi ünvanı var.
Yəni dövlət ona hüquqi ünvan verib. Əgər hüquqi ünvanı varsa, ona sənədsiz ev demək olmaz. Sadəcə bu evlərə özəlləşdirilməmiş evlər deyilsə, daha doğru olar. Yəni bu evlərin bəzi sənədləri olsa da belə, dövlət tərəfindən çıxarışla təmin edilməyib”.
Onun sözlərinə görə, yaxşı olardı ki, torpaqların üzərində tikilmiş fərdi yaşayış evləri ilkin sənədləri nəzərə alınaraq xüsusi mülkiyyət kimi tanınsın və özəlləşdirilsin:
“Bu, həm də vətəndalar üçün xeyirli olar. Çünki vətəndaşların əksəriyyəti bu evlərdə qeydiyyatda olmadığı üçün problemlər yaşayırlar. Tibbi xidmətlərdən, bəzi humanitar yardımlardan, imtiyazlardan istifadə edə bilmirlər.
Bu mənzillərin çıxarışı olmadığı üçün ipoteka ilə satıla, rəsmi alqı-satqı edilə, banklara girov qoyulub pul götürülə bilmirlər. Göründüyü kimi, sənədsiz evlərin bu vəziyyətdə qalması vətəndaşla yanaşı dövlət büdcəsinə də zərər gətirir.
Çünki hər il torpaqlarda tikilən bu evlər kənardan alqı-satqı edilir və dövlət büdcəsinə 1 manat da vəsait daxil olmur. Müvafiq fərmanla əgər bir evdə 3 il qeydiyyatda deyilsənsə, həmin evi satan zaman əmlakın 30 kvadratmetri güzəşt edilərək digər hissəsi əmsala vurularaq vergi pulu tutulur.
Özəlləşdiirlmədiyi üçün bu evlər alqı-satqı zamanı heç bir vergi ödəmir. Dövlət qurumundan sənəd aldığı zaman heç bir vəsait ödəmir. Çünki o sənədləri almağa heç bir hüquqi əsası yoxdur.
Digər tərəfdən bu evlər çox zaman kirayə verildiyi zaman kirayəçi ilə əmlak sahibi arasında müqavilə bağlamaq üçün hüquqi əsas olmadığı üçün 90-100 faiz hallarda dövlətə heç bir vəsait ödəmirlər.
Bu evlərin ipoteka predmetinə çevrilməməsi, çıxarışı olmadığı üçün əmlak, toipaq vergisi ödəmirlər. Bu da hər il dövlət büdcəsinə milyonlarla az vəsaitin daxil olmasına gətirib çıxarır.
Çünki bu evlərin hüquqi çıxarışı yoxdur. Yəni vətəndaşla yanaşı dövlət büdcəsinə də zərər vurur. Halbuki həmin evlərin çıxarışı olsa, qanuni yolla alqı-satqı həyata keçirilərsə, bu zaman dövlət büdcəsinə də müəyyən vəsaitlərin daxil olmasına gətirib çıxaracaq”.
Ekspertin fikrincə, bu evlərin hamısı qeyri-qanuni deyil, sənədsizdir və bu evlərin 90 faizinin hüquqi ünvanı var, qaz, su, işıqla təmin olunub, bələdiyyələrə və yaxud digər qurumlara ödənişləri mövcuddur:
“Bunlara tamamilə sənədsiz ev demək yalnışdır. Bu evlərin sayı olduqca çoxdur. Onları sökmək və ya dağıtmaq mümkün deyil. Çünki bu evlərdə doğulanların artıq övladları var, şəhid, yaxud qazidir.
Burada doğulanların hazırda təxminən 30-35 yaşı var. Həmin evləri sökmək nə vətəndaş, nə də dövlət üçün xeyirli olmaz. Yaxşı olar ki, bu hər hansı bir qərarla öz həllini tapsın. İlk olaraq, sənədləri, yəni qazı, suyu, işığı, hüquqi ünvanı olan, eləcə də bələdiyyə və ya digər qurumlara ödəniş etmiş evlərə çıxarış verilsin.
İkinci mərhələdə heç bir sənədi, kommunikasiya xətləri olmayan evlərə sənədsiz ev kimi baxmaq olar. Ancaq onlar da çoxdursa, yaşayış məntəqələrinin işərisindədirsə, onlara da çıxarış zərurəti yaranır.
Digər tərəfdən bu evlərin bir çoxu Sovet dövründə otlaq sahələri və yaxud kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində inşa edilib. İndi həmin ərazilərdə nə kənd təsərrüfatı, nə də heyvandarlıqla məşğul olmaq olar.
Çünki həmin ərazilərdə kütləvi məskunlaşma yaranıb. Çünki minlərlə evi söküb yararlı torpaq halına salmaq üçün milyonlarla manat vəsit lazımdır. Bu həm vətəndaşa, həm də dövlətə zərər edər.
Ən yaxşı hal odur ki, bu torpağın kateqoriyaları dəyişdirilsin və burada tikilən evlər xüsusi mülkiyyət kimi tanınsın, çıxarışlar verilsin. Sənədsiz evlər çıxarışla təmin edilərsə, vətəndaşla yanaşı, dövlət büdcəsinə hər il milyonlarla əlavə vəsait qazandıracaq”.