Sosial şəbəkədə biz:
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Xəbər Şəkli

Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib

31 March 2026, 08:37
Gündəm

Keçmiş deputat Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli Prezident İlham Əliyevə müraciət ünvanlayıb. O, həyat yoldaşının səhhətinin ağırlaşdığını və ev dustaqlığına buraxılmasını xahiş edir.

Fəridə Bəydəmirli bildirir ki, Nazim Bəydəmirli artıq üç ilə yaxındır həbsdədir və bir neçə gün əvvəl onun vəziyyəti kəskin pisləşib:

“Bir neçə gün bundan öncə həbsxanada vəziyyəti pisləşib, 13 nömrəli cəzaçəkmə müəssisəsinin rəhbərliyi zamanında təcili yardım çağırmasaydı, yəqin ki bu gün Nazim həyatda olmazdı”.

Müraciətdə qeyd olunur ki, Nazim Bəydəmirlinin səhmləri ilə bağlı uzunmüddətli məhkəmə çəkişmələri olub. Həyat yoldaşı iddia edir ki, bu proseslər nəticəsində ona qarşı cinayət işi açılıb və mülki iddialar qaldırılıb.

Fəridə Bəydəmirli bildirir ki, məhkəmə qərarı ilə 49 700 manat məbləğində tələb müəyyən edilsə də, iddia daha dəyərli aktivlərə yönəldilib:

“Nazimin adına daşınan əmlakı olduğu halda bu günkü dəyəri milyonlarla ölçülən 30% səhminə yönəldiblər”.

O, həmçinin deyir ki, bu proses zamanı onun mülkiyyət hüquqları nəzərə alınmayıb.

Müraciətdə ailəyə qarşı təzyiqlərin davam etdiyi də iddia olunur. Fəridə Bəydəmirlinin sözlərinə görə, onlara aid olan klinika tez-tez yoxlamalara məruz qalır və o, təhdidlər alır:

“Kiçik bir poliklinikaya yüksək məbləğli cərimələr tətbiq etməklə və bir az etiraz edəndə ölümlə hədələnmişəm”.

O əlavə edir ki, həyat yoldaşına qarşı əvvəllər də hücum cəhdləri olub və hazırda onun həyatı üçün narahatdır:

“Qorxduğumuz məqamsa, səhmləri Nazimin əlindən aldıqdan sonra onun həyatına qəsd edəcəkləri düşüncəsidir”.

Keçmiş deputat Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Hazırda Nazim Bəydəmirlinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanıldığı və səhhətində ciddi problemlər olduğu bildirilir. Fəridə Bəydəmirli onun daha yaxşı tibbi şəraitə malik xəstəxanaya köçürülməsinin vacib olduğunu vurğulayır.

O, Prezidentə müraciətində həyat yoldaşının ev dustaqlığına buraxılmasını xahiş edir:

“Nazim Bəydəmirlinin ev həbsiylə təmin olunmasına göstəriş verməyinizi sizdən xahiş edirəm”.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.