Sosial şəbəkədə biz:
Bu il iqtisadiyyatın bütün sahələrini əhatə edəcək yeni proqramı qəbul olunacaq
Xəbər Şəkli

Bu il iqtisadiyyatın bütün sahələrini əhatə edəcək yeni proqramı qəbul olunacaq

09 June 2026, 10:39
Gündəm

Azərbaycanda 2027-2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramının ilin sonuna qədər qəbul olunması gözlənilir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı əsasında ölkənin növbəti dövr üçün sosial-iqtisadi inkişaf proqramı hazırlanır: "İlin sonuna qədər proqramın qəbul olunması gözlənilir. Bu sənəd ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı əsas çərçivə sənədi olacaq və iqtisadiyyatın bütün sahələrini əhatə edəcək. Yeni proqram Azərbaycanın orta müddətli inkişaf prioritetlərini müəyyənləşdirəcək və müxtəlif sahələr üzrə qəbul edilən sektoral proqramlarla əlaqələndiriləcək".

O bildirib ki, artıq bir sıra istiqamətlər üzrə sektoral proqramlar hazırlanıb və təsdiqlənib: "Bu proqramlar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı hədəfləri və fəaliyyət istiqamətlərini müəyyən edir. Yeni sosial-iqtisadi inkişaf proqramı ölkədə iqtisadi artımın davamlılığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və digər strateji məqsədlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq". Report