Müəllimlərin sertifikatlaşdırma nəticələrinin dərs yükünün müəyyənləşdirilməsində rolu son dövrlər müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərin daha çox, aşağı bal toplayanların isə daha az dərs saatı alması ilə bağlı yanaşmalar fərqlidir. Dərs saatlarının müəllimlərin maaşına birbaşa təsir etməsi isə bu məsələnin həm müəllimlər, həm də təhsil ictimaiyyəti üçün əhəmiyyətini artırır.
Sertifikatlaşdırmada yüksək bal toplayan müəllimə avtomatik olaraq daha çox dərs saatı verilməlidirmi? Müəllimin sertifikatlaşdırma nəticəsi onun dərs yükünə və nəticədə maaşına nə qədər təsir etməlidir?
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “AzPolitika”ya açıqlamasında bildirib ki, sertifikatlaşdırma nəticələrinin müəllimlərin dərs yükünün müəyyənləşdirilməsində fundamental meyar kimi götürülməsi həm təhsilin iqtisadiyyatı, həm də pedaqoji etika baxımından mürəkkəb və çoxşaxəli məsələdir.
Onun sözlərinə görə, məsələyə sistemli, elmi və pedaqoji yanaşmaq lazımdır: “İlk növbədə qeyd edim ki, yüksək bal toplayan müəllimə avtomatik olaraq daha çox dərs saatının verilməsi kimi yanaşma düzgün deyil və belə yanlış yanaşma bir sıra ciddi fəsadlara yol aça bilər. Sertifikatlaşdırma imtahanı, mahiyyət etibarilə, müəllimin nəzəri bilik səviyyəsini, metodoloji hazırlığını və normativ-hüquqi bazaya bələdliyini qiymətləndirən sadəcə statik bir diaqnostik vasitədir. Lakin müasir kompetensiya əsaslı pedaqogika sübut edir ki, tədrisin real effektivliyi yalnız kağız üzərindəki biliklərlə ölçülə bilməz. Burada müəllimin dinamik kompetensiyaları, yəni tətbiqi pedaqoji bacarıqları, sinfi idarəetmə bacarığı, şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərinə adaptasiyası, differensial təlim metodlarından çevik istifadəsi və hər bir uşaq üçün əlçatan olan inklüziv mühit yaratmaq qabiliyyəti həlledici rol oynayır. İmtahan mühitində göstərilən nəzəri uğurun real sinif otağında avtomatik olaraq eyni dərəcədə praktiki nəticə verəcəyini düşünmək ciddi bir pedaqoji xətadır, pedaqoji baxımdan kökündən yanlış bir yanaşmadır və təhsilin fundamental prinsipləri ilə ziddiyyət təşkil edir”.
İ.Orucov vurğulayıb ki, müəllimin nəzəri imtahanda yüksək nəticə göstərməsi onun real dərs mühitində də eyni dərəcədə effektiv fəaliyyət göstərəcəyi mənasına gəlmir: “Sertifikatlaşdırma nəticələrinin dərs yükünün bölüşdürülməsində mexaniki tətbiqi məktəblərdə sağlam olmayan rəqabətə, müəllimlər arasında qütbləşməyə və korporativ mədəniyyətin zəifləməsinə səbəb ola bilər. Bu yanaşma pedaqogikanın əsas prinsiplərindən biri olan əməkdaşlıq mühitini sıradan çıxara bilər. Təhsil müəssisəsi yalnız fərdi iqtisadi maraqların toqquşduğu məkana çevrilməməlidir. Ona görə də mən bu məsələyə robotik yanaşmanın tərəfdarı deyiləm və bunu qəti şəkildə qəbul etmirəm. Məktəbə, müəllimə və pedaqoji mühitə ilk növbədə pedaqoji yanaşma ilə diqqət yetirməliyik.
Sertifikatlaşdırma nəticəsinin müəllimin maaşına təsiri diferensiallaşdırılmış və balanslaşdırılmış meyarlar əsasında qurulmalıdır”.
Fəlsəfə doktoru, hazırda tətbiq olunan 10 və 35 faizlik əlavələrin müəllimlərin motivasiyasına müəyyən qədər təsir etdiyini, lakin bu sistemin də təkmilləşdirilməsinə ehtiyac olduğunu deyib: “Sertifikatlaşdırma nəticəsinin müəllimin maaşına təsiri fərqləndirilmiş və tam balanslaşdırılmış meyarlar əsasında qurulmalıdır. Hazırda tətbiq olunan 10 və 35 faizlik əlavələr müəllimlərin motivasiyasına müəyyən qədər təsir etsə də, bu sistemin elmi-pedaqoji əsaslarla təkmilləşdirilməsinə kəskin ehtiyac var. Pedaqogika və təhsil iqtisadiyyatının fundamental qaydalarına görə, stimullaşdırma mexanizmləri kəskin qütblər üzərində deyil, mərhələli artım prinsipləri üzərində qurulmalıdır. Mövcud sistemdə bir bal fərqinin (məsələn, 50 bal ilə 51 bal arasında) 10 faizdən birbaşa 35 faizə keçid kimi böyük bir iqtisadi uyğunsuzluq yaratması nə pedaqoji ədalətə, nə də müəllim əməyinin obyektiv qiymətləndirilməsi fəlsəfəsinə uyğun gəlmir. Bu cür kəskin fərqlər müəllimlərdə psixoloji gərginlik yaradır və mən bunu bal aralığının sərhədində qalan müəllimlərə qarşı ədalətsizlik kimi dəyərləndirirəm. Beynəlxalq təcrübəyə, xüsusən də Avropada təhsilin keyfiyyətinə görə lider olan ölkələrdə müəllimlərin stimullaşdırılması modellərinə nəzər salsaq, orada proqressiv təşviq şkalası tətbiq edildiyini görərik. Bu modellərdə müəllimin peşəkar inkişaf səviyyəsi artdıqca, onun əməkhaqqı əlavələri kəskin sıçrayışlarla deyil, hər bir nailiyyət addımına mütənasib olaraq pilləli şəkildə yüksəlir. Bu yanaşma müəllimdə hər bir balın və hər bir xırda inkişafın dəyərli olduğu inamını yaradır. Hesab edirəm ki, ölkəmizdə də sertifikatlaşdırma nəticələrinə hər 5 ballıq interval üzrə fərqli faiz əlavəsini nəzərdə tutan mərhələli və daha ədalətli bir sistem qurulmalıdır. Məsələn, keçid balını toplayaraq 35-40 bal aralığında nəticə göstərən müəllimə 10 faiz, 40-45 bal aralığında nəticə göstərənə 20 faiz, 45-50 bal aralığında nəticə göstərənə 30 faiz, daha yüksək nəticə nümayiş etdirənlərə isə növbəti mərhələdə daha yüksək əlavələr tətbiq edilə bilər. Belə bir təkamülçü stimullaşdırma modeli həm təhsil sistemində rəqabəti sağlamlaşdırar, həm hər bir müəllimin fərdi inkişaf dinamikasını ədalətli mükafatlandırar, həm də bütövlükdə pedaqoji korpusun davamlı peşəkar artımına real təkan verər”.
İ.Orucov sertifikatlaşdırma nəticələrinin dərs saatlarının bölüşdürülməsində yeganə meyar kimi qəbul edilməsinin də düzgün olmadığını düşünür: “Sertifikatlaşdırma imtahanı müəllimin fəaliyyətini qiymətləndirmək üçün yeganə yol deyil, sadəcə nəzərə alınmalı olan əsas göstəricilərdən biridir. Dərs saatlarının bölüşdürülməsində test nəticələrinin standart və mütləq həlledici meyar kimi qəbul edilməsi pedaqoji idarəetmə prinsiplərinə tamamilə ziddir. Müasir təhsildə müəllim əməyinin səmərəliliyi bütöv qiymətləndirmə modeli əsasında aparılmalıdır. Yəni dərs yükü müəyyənləşdirilərkən müəllimin imtahan nəticələri ilə yanaşı, onun şagirdlərinin buraxılış və qəbul imtahanlarındakı akademik artım dinamikası, onun sinifdənkənar fəaliyyəti, pedaqoji stajı, məktəbdaxili və regional icma fəaliyyətləri mütləq nəzərə alınmalıdır. Məktəb yalnız quru bilik və təlim verən mexaniki bir müəssisə deyil. O, həm də mənəvi-əxlaqi dəyərlərin aşılandığı tərbiyə ocağı, mürəkkəb sosial və ictimai ekosistemdir. Buna görə də müəllimin çoxşaxəli fəaliyyətini və şagirdin şəxsiyyət kimi formalaşmasındakı rolunu sadəcə imtahan balı ilə ölçmək metodoloji yanlışlıqdır və düzgün yanaşma sayıla bilməz. Digər tərəfdən, sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin dərs yükünün kəskin şəkildə artırılması da arzuolunan deyil. Yüksək nəticə qazanmış müəllimə mexaniki olaraq daha çox dərs saatı vermək onu fiziki olaraq yükləmək, peşəkar baxımdan tükənməyə məruz qoymaq və onun yaradıcılıq potensialını məhdudlaşdırmaq deməkdir. Bunun əvəzinə, belə müəllimlərdən təhsil müəssisəsində mentor və metodist kimi istifadə olunması, onların məktəbdaxili peşəkar öyrənmə icmalarının əsas simalarına çevrilməsi daha səmərəli və strateji yanaşmadır. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına diferensial yanaşma tətbiq edilməklə onların rifahı yüksəldilməli, eyni zamanda potensiallarından ümumi təhsilin keyfiyyətinin artırılması üçün istifadə olunmalıdır. Bu kateqoriyadan olan mütəxəssislər mütləq şəkildə mentorluq fəaliyyətinə cəlb edilərək digər müəllimlərin peşəkar inkişafına institusional töhfə verməlidirlər”.
Ekspert dərs yükünün kəskin azaldılmasının aşağı nəticə göstərən müəllimlərə münasibətdə də ciddi problemlər yarada biləcəyini bildirib.

Onun sözlərinə görə, belə yanaşma həmin müəllimlərin həm maddi vəziyyətinin pisləşməsinə, həm də peşəkar motivasiyasının azalmasına və inkişaf potensialının məhdudlaşmasına səbəb ola bilər: “Müəllim hazırlayan universitetlər məzunlarına dövlət nümunəli sənəd olaraq diplom verirlər və bu diplom artıq həmin şəxsin müəllim olmasını təsdiq edən müvafiq sənəddir. Lakin bu məqamda ali təhsil ocaqlarının institusional məsuliyyəti ön plana çıxmalıdır. Biz müəllim hazırlayan universitetlərimizin fəaliyyətini elə qurmalıyıq ki, onların verdiyi diplom əmək bazarında da rəqabətqabiliyyətli olsun və məzun ilk gündən müvafiq peşəkar kompetensiyalara sahiblənsin. Beynəlxalq təcrübəyə, xüsusən də dünyada təhsiltutumlu və PISA lideri olan ölkələrin modellərinə nəzər salsaq, maraqlı yanaşmaları görə bilərik. Məsələn, Sinqapur təhsil sistemində sertifikatlaşdırma və qiymətləndirmə müəllimi cəzalandırmaq üçün deyil, onun fərdi inkişaf trayektoriyasını müəyyən etmək üçün keçirilir. Orada yüksək nəticə göstərən müəllimlər daha çox dərs saatı ilə fiziki olaraq yüklənmirlər, əksinə, onlara yüksək maaş və status verilərək digər həmkarlarına yol göstərən baş müəllim və ya metodist statusu tanınır. Finlandiyada isə müəllimlərin qiymətləndirilməsi daxili inkişafa əsaslanır və dərs saatlarının bölgüsü rəhbərliyin subyektiv qərarları ilə deyil, kollegial şəffaflıqla tənzimlənir. Mən MİQ imtahanlarını və eləcə də müəllimlərin diaqnostik qiymətləndirilməyə cəlb edilməsini hər zaman dəstəkləmişəm və bu gün də dəstəkləyirəm. Lakin qiymətləndirmənin fəlsəfəsi müəllimi peşədən kənarlaşdırmaq və ya cəzalandırmaq üzərində qurulmamalıdır. Müasir andraqogika (böyüklərin təhsili) prinsiplərinə uyğun olaraq, əsas hədəf ixtisasartırma proqramları, fərdi mentorluq və digər dəstək mexanizmləri vasitəsilə müəllimin peşəkar keyfiyyətlərini və tədris bacarıqlarını yüksəltmək, onu sistemə yenidən qazandırmaq olmalıdır. Digər tərəfdən, məktəblərdə müəllimlərin dərs yükünün bölüşdürülməsində direktorların səlahiyyətləri xüsusi əhəmiyyət daşıyır. Bu sahədə aydın, elmi əsaslı və şəffaf meyarların olmaması idarəetmədə subyektivliyə və şəxsi rəylərə yol açır. Dərs yükünün bölüşdürülməsində şəffaflığın pozulması müəllimlərin məktəb rəhbərliyinə olan inamını sarsıdır, bu isə birbaşa tədris mühitinin psixoloji iqliminə mənfi təsir göstərir. Direktorların məktəbdə fərdi meyarlarla davranması, müəssisəni şəxsi obyektləri kimi idarə etmələri yolverilməzdir. Pedaqoji idarəetmədə düşünürəm ki, şəffaf və standart meyarların müəyyənləşdirilməsinə kəskin ehtiyac var. Əks halda, sistemin daxilində ciddi idarəetmə böhranı və motivasiya qırılması yarana bilər”.
İ.Orucov, yekunda bildirib ki, sertifikatlaşdırma nəticələri müəllimin dərs yükünün müəyyənləşdirilməsində əsas deyil, yalnız köməkçi və çəkili meyarlardan biri kimi nəzərə alınmalıdır: “Müasir təhsil menecmentinin fundamental fəlsəfəsi zəif nəticə göstərən müəllimi inzibati cəza və kənarlaşdırma mexanizmləri ilə sıxışdırmaq deyil, əksinə, diaqnostik qiymətləndirmənin obyektiv yekunlarından yararlanaraq onların peşəkar çatışmazlıqlarını hədəf alan reabilitasiya, fərdi ixtisasartırma və mentorluq proqramları vasitəsilə keyfiyyət kapitalını sistemli şəkildə yüksəltmək olmalıdır. Pedaqogikanın humanizm və bərabərlik prinsipləri tələb edir ki, qiymətləndirmə prosesləri müəllimi peşədən soyudan bir təcrid alətinə deyil, onun potensialını üzə çıxaran fərdi inkişafı dəstəkləyən bir mexanizmə və peşəkar inkişaf stimuluna çevrilsin. Sertifikatlaşdırma nəticəsini dərs saatlarının bölüşdürülməsində inzibati təzyiq və ya mükafat aləti kimi tətbiq etmək kökündən yanlışdır. Bu yanaşma məktəbdaxili kollegial əməkdaşlıq, vahid komanda, qarşılıqlı dəstək və sağlam yaradıcı mühit mədəniyyətini zədələyərək təhsil müəssisəsini mexaniki rəqabət meydanına çevirə bilər. Bu nəticələr yalnız təhsilin keyfiyyətinin idarə olunmasında birgə inkişaf göstəricisi kimi istifadə oluna bilər. Müəllimin dərs yükü müəyyənləşdirilərkən onun metodik hazırlığı, pedaqoji təcrübəsi və digər fəaliyyət göstəriciləri əsas götürülməli, sertifikatlaşdırma nəticəsi isə burada meyarlardan yalnız biri kimi çıxış etməlidir. Çünki əsl pedaqoji uğur statik imtahan balları ilə deyil, müəllimin sinif mühitində yaratdığı şagirdyönümlü dəyər və differensial təlim keyfiyyəti ilə ölçülür”.