Sosial şəbəkədə biz:
Azərbaycanda qayda sərtləşdikcə: Gürcüstanda “yumşalma” gedir
Xəbər Şəkli

Azərbaycanda qayda sərtləşdikcə: Gürcüstanda “yumşalma” gedir

23 March 2026, 11:07
Gündəm

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 3,1 milyard ABŞ dollarını ötüb.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Məryəm Kvrivişvili Kaxetidə keçirilən VII Azərbaycan–Gürcüstan–Türkiyə biznes forumunda məlumat verib. Nazir bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq strateji xarakter daşıyır və bu tərəfdaşlıq enerji, logistika və ticarət sahələrində regionun inkişafına mühüm töhfə verir. Onun sözlərinə görə, Türkiyə 2025-ci ildə Gürcüstanın əsas ticarət tərəfdaşı olub, Azərbaycan isə ən böyük iqtisadi tərəfdaşlar sırasında yeddinci yeri tutur.

Eyni zamanda, Azərbaycanda tikinti sahəsinin müəyyən hissəsi - tikinti şirkətləri, mühəndislər və fəhlə qüvvəsi də daxil olmaqla resursların bir qisminin Gürcüstana yönəlməsi müşahidə edilir. Bəs bunun səbəbi nədir? 

“Cümhuriyət”- ə açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son illərdə paytaxtın əksər ərazilərində tikinti işləri aparılmır. O qeyd edib ki, tikinti qaydalarının sərtləşməsi şirkətlər üçün çətinliklər yaradıb:

“Təqribən ötən illərə qədər ölkənin böyük şəhərlərində, xüsusilə paytaxt Bakı şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi prosesi geniş şəkildə aparılırdı. Bu isə öz növbəsində yeni işçi qüvvəsinə tələbatın artmasına, həmçinin tikinti materialları istehsal edən zavod və fabriklərin daha fəal işləməsinə səbəb olurdu. Lakin son illər xüsusilə paytaxtın əksər ərazilərində çoxmənzilli yaşayış binalarının tikintisi müşahidə olunmur.

Tikinti ilə bağlı qaydaların sərtləşdirilməsi artıq çox sayda tikinti şirkətlərinin paytaxt ərazisində və ya ölkənin digər böyük şəhərlərində fəaliyyət göstərməsində müəyyən çətinliklər yaradıb. Digər tərəfdən, əvvəlki illərdə fərdi yaşayış evlərinin tikintisi üçün tələblər o qədər də ciddi deyildi. Vətəndaşlar bələdiyyə və digər qurumlar tərəfindən verilən sənədlər əsasında fərdi yaşayış evləri inşa edirdilər.

Lakin hazırkı qanunvericiliyə əsasən, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə çıxarışın olması vacibdir. Həmin çıxarışda torpağın təyinatı yaşayış məntəqələrinin torpaqları kimi göstərilməlidir. Yalnız bu halda həmin torpaq sahəsində tikinti işlərinin aparılması mümkündür”. 

Əmlak eksperti əlavə edib ki, yaşayış məntəqəsi təyinatlı torpaqların az olması və qiymətlərin kəskin yüksəkliyi xüsusilə fərdi yaşayış evlərinin inşasında səngiməyə yol açırdı:

“Bu səbəbdən ölkədə əvvəlki illərdə müşahidə olunan tikinti həcmi artıq yoxdur. Digər tərəfdən, azad olunmuş ərazilərimizdə 5 ildən artıqdır ki, sürətli və ciddi şəkildə tikinti işləri aparılır. Həmin ərazilərdə yeni kəndlər, qəsəbələr, rayon və şəhərlər salınır. Bu isə öz növbəsində ölkənin digər bölgələrindən paytaxt üçün tikinti sahəsində işləməyə gələn insanların həmin azad olunmuş ərazilərə yönəlməsinə səbəb olur.

Lakin böyük tikinti layihələrini həyata keçirən böyük şirkətlərin bir qisminin fəaliyyətsiz qalması onları məcbur edir ki, böyük layihələri Azərbaycanın ərazisində deyil, xarici ölkələrdə davam etdirsinlər”. 

Elnur Fərzəliyevin sözlərinə görə, hazırda paytaxt ərazisində yüzlərlə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları var: 

“Eyni zamanda, fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri də var ki, bunlar ən qısa zamanda sökülərək yeni tikililərlə əvəzlənməlidir. Lakin tikinti qaydalarının sərtləşməsi bu tip qəzalı binaların söküntü prosesini ləngidir. Bu isə gələcəkdə hər hansı zəlzələ və ya təbii fəlakət zamanı böyük dağıntılara və itkilərə səbəb ola bilər. Bu tip binaları sökən dövlət deyil, daha çox özəl tikinti şirkətləridir.

Tikinti sahəsində sənədləşmədə və icazələrdə müəyyən yumşalmalar olarsa, bu, həm tikinti sektorunun dinamizmini qoruyar, həm də paytaxt ərazisindəki qəzalı vəziyyətdəki köhnə çoxmənzilli binaların, fərdi yaşayış evlərinin sökülərək yeni tikililərlə əvəzlənməsinə imkan yaradar”. 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, Gürcüstan iqtisadiyyatında müşahidə olunan sürətli inkişaf ölkədə yeni iqtisadi imkanların yaranmasına səbəb olur:

“Məsələ ondan ibarətdir ki, Gürcüstan bazarı sürətlə inkişaf edir və iqtisadiyyatı dinamik şəkildə böyüyür. Ölkədə iqtisadi artım göstəriciləri, orta aylıq əməkhaqqının yüksəlməsi və alıcılıq qabiliyyətinin artması müsbət dinamika nümayiş etdirir. Yəni həm iqtisadi artım tempi, həm də adambaşına düşən ümumi daxili məhsulun yüksəlməsi Gürcüstan əhalisinin varlanması, rifah səviyyəsinin sürətlə yaxşılaşdığını göstərir və nəticədə bazar formalaşır”.

İqtisadçı vurğulayıb ki, investorlar, işçilər və sahibkarlar qazanc imkanlarının daha yüksək olduğu istiqamətlərə yönəlirlər:

“Təbii ki, sahibkarlar, investorlar və bu sahə üzrə mütəxəssislər də harada pul qazanmaq olarsa, oraya qaçırlar. Bazarın genişlənməsi, xüsusilə daşınmaz əmlak və tikinti sektorlarının böyüməsi bu sahələrdə yeni gəlir imkanları yaradır. İnvestorlar da bunu diqqətə alırlar. Nəticə etibarilə, Gürcüstanın sürətli inkişafı investorlar, işçilər və sahibkarlar üçün cəlbedici imkanlar formalaşdırır”.