Sosial şəbəkədə biz:
Rusiya istehsalı kifayət qədərdir, zərbələr güclənə bilər - Yuri İqnat
Xəbər Şəkli

Rusiya istehsalı kifayət qədərdir, zərbələr güclənə bilər - Yuri İqnat

30 November 2025, 12:29
Dünya

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının kommunikasiya rəhbəri Yuri İqnat bildirib ki, Rusiya hazırda Ukraynaya qarşı müntəzəm və kütləvi raket-dron hücumları həyata keçirmək üçün yetərincə döyüş vasitələrinə malikdir.

İqnatın sözlərinə görə, Rusiya ordusu hazırkı hərbi istehsal gücünə əsaslanaraq həftədə 1–2 dəfə genişmiqyaslı raket və dron zərbələri endirməyə qadirdir. Bu statistika Ukrayna tərəfinə artıq yaxşı məlumdur:

“Burada heç nəyi təxmin etməyə ehtiyac yoxdur. Təəssüf ki, həftədə bir-iki dəfə bu cür kütləvi hücumlar baş verir. Bu da göstərir ki, Rusiya öz arsenalını kifayət qədər istehsal edir. Hücumların intensivləşməsi mümkündür”,- deyə o bildirib.

İqnat əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiə ehtiyatları artan təhdidlər fonunda kifayət etmir. Bu səbəbdən Kiyev Qərb tərəfdaşlarına ardıcıl müraciət edərək, xüsusən də zenit-raket sursatlarının təchizatının artırılmasını tələb edir.

O vurğulayıb ki, Rusiya hücumlarının potensial artımı Ukraynanın energetika infrastrukturu, şəhər strukturları və mülki obyektlər üçün ciddi risk yaradır və ölkə yalnız gücləndirilmiş hava müdafiəsi ilə bu miqyasda təhdidlərə cavab verə bilər.
Musavat.com