Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi - DEPUTAT
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra, göz xəstəlikləri üzrə mütəxəssis kimi karyerasına başlamış və bu sahədə bir çox yeniliklərə imza atmışdır. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu.
Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparmışdır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada vəfat etmişdir və Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycan və dünya oftalmologiyasına verdiyi töhfələr unudulmazdır və hələ də bir çox oftalmolog tərəfindən qiymətləndirilir və tədqiq edilir.
Vüqar Bayramov, millət vəkili