"Gəlib kiminləsə yeyib-içdiyinə görə vəzifədən çıxarılması haqda deyilənlər qeyri-ciddidir"
“Mixail Qusman yaxın dostumdur, onun işdən azad olunması barədə xəbəri çox pis qarşıladım. Bir neçə gün bundan öncə Bakıda idi, Diasporla İş üzrə Dövlət Komitəsində görüşmüşdük. Onunla bağlı belə bir qərar veriləcəyini gözləmirdim. Yəqin bəhanə edəcəklər ki, yaşı çoxdur. Amma çox nahaq yerə belə qərar qəbul olunub”.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsinə münasibət bildirərkən deyib.
Ç.Abdullayev bildirib ki, M.Qusman çox tanınmış dövlət xadimidir, Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrinin qurulmasında böyük zəhməti var:
“Görünür, belə qərarın verilməsində nə isə səbəblər var. Çox təəssüf ki, belə olub. Qusmanın III Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə vəzifədən azad olunduğu barədə iddialar inandırıcı deyil. Belə xırdaçılıq etməzlər. Çünki Şuşaya tək o gəlməmişdi. Gəlib kiminləsə yeyib-içdiyinə görə vəzifədən çıxarılması haqda deyilənlər qeyri-ciddidir. Bəlkə nə isə narazılıq olub. Onu sevməyənlər də vardı. Qusmanı dünyada tanımayan yoxdur. TASS-ın rəhbərini, digər müavinlərindən heç kəsi tanımırıq. Yaradıcı insanlar arasında qısqanclıq olur, düşünürlər niyə səni tanıyırlar, bizi yox. O, dünya səviyyəli ziyalıdır. Bu xəbər yayılandan sonra ona zəng etməmişəm, Bakıya gələndə onunla görüşəcəyəm”.
Qeyd edək ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustin TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, M.Qusman 1950-ci ildə Bakıda anadan olub. O, 1999-cu ilin oktyabrında Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın (1 oktyabr 2014-cü ilədək İTAR-TASS) baş direktorunun birinci müavini təyin edilmişdi.
M.Qusman iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna qatılıb.
Bundan sonra rusiyalı hərbi blogerlər M.Qusmanı Qarabağa səfərinə, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən media forumuna qatılmasına, eləcə də Azərbaycan lideri haqqında müsbət fikirlərinə görə kəskin tənqid ediblər.