Sosial şəbəkədə biz:
İranın ixrac qadağası: Azərbaycan bayram bazarını nə gözləyir?
Xəbər Şəkli

İranın ixrac qadağası: Azərbaycan bayram bazarını nə gözləyir?

05 March 2026, 08:41
Araşdırma

İran bir sıra kənd təsərrüfatı məhsullarının ixracını qadağan edib.

“Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, hökumət bunu ölkədə yaranmış müharibə vəziyyəti ilə əlaqədar ərzaq və kənd təsərrüfatı məhsullarının daşınmasında yaranmış problemlərlə əlaqələndirib. Hökumətin açıqlamasında deyilir ki, daşınmalar növbəti xəbərdarlığa qədər bloklanacaq. Habelə bəyanatda əlavə edilib ki, bu qərarın əsas səbəblərindən biri də hökumətin xalq üçün zəruri malların tədarükünə üstünlük verməsidir.

İran nemətləri ilə bəzənən Azərbaycanın bayram süfrəsinin taleyi

Bir sözlə, İran hökuməti müharibə şəraiti ilə əlaqədar öz daxili tələbatını qorumağa çalışır. Lakin Azərbaycan ərzaq və kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsini bu ölkədən idxal edir. Bu baxımdan cənub qonşumuzun bu qərarı Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək. Xüsusilə, mart ayında Ramazan ayının və Novruz bayramının süfrəsində lazım olan nemətlərin bir qismini İrandan idxal olunan məhsullar təşkil edir. Bura xurma, ədviyyatlar, meyvə quruları, çərəzlər, kərə yağı kimi məhsullar daxildir və onların əsas tədarükçüsü məhz İrandır.

İran Azərbaycanın yeyinti məhsulları bazarında təxminən 7 faizdən çox paya sahibdir. Maraqlı məqam odur ki, İrandan gələn qida məhsullarının dəyər baxımından idxalının yarısı (49 faizi) yalnız kərə yağı və süd məhsulları hesabına formalaşır. 2025-ci ildə bu ölkədən 12,4 min ton kərə yağı və süd pastaları, 8,4 min ton süd və qaymaq, 4,1 min ton pendir və kəsmik idxal edilib.

Azərbaycana idxal olunan təzə və qurudulmuş xurmanın 85 faizi İranın payına düşür. Ötən il bu ölkədən 6,3 min ton xurma idxal olunub. Habelə 3,7 min ton digər quru meyvələr, 237 min ton isə çərəz gətilib.

Dəyər ifadəsində İrandan idxal olunan ərzaq və kənd təsərrüfatı məhsullarının həcmi 210 milyon dollar ətrafındadır. Belə ki, bunun 90 milyon dolları süd və süd məhsulları (kərə yağı daxil), 53 milyon dolları təzə və qurudulmuş meyvə-tərəvəz, 26,2 milyon dolları hazır qənnadı və un məmulatları, 2 milyon dolları ədviyyat, 13,6 milyon dolları isə kartof təşkil edib.

Belə olan halda, İranın mövcud qadağası azərbaycanlıların mart ayı bayram süfrələrinə necə təsir edəcək? Hər hansı məhsul qıtlığı və bahalaşma baş verə bilərmi?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov MeydanTV-yə açıqlamasına görə, Novruz bayramı ilə əlaqədar İran məhsullarına yaranan tələbatı ödəmək üçün ehtiyat daha öncədən yığılır:

“Yəni bayramlardan bir neçə həftə əvvəl gətirilir. Onun alınması, daşınması, burada anbarlara yerləşdirilməsi və paylanması vaxt alır. Ona görə də bu hazırlıqlar daha öncədən aparılır və satışa elə ilk çərşənbədən başlayırlar. Bu baxımdan hazırda qiymət artımına ehtiyac yoxdur. Amma Novruz bayramı ərəfəsində qiymətlərdə artım ola bilər. Bunu da onunla əsaslandıracaqlar ki, məhsulların logistikasında problemlər yaranıb. Halbuki quru meyvələri Özbəkistan, Türkmənistandan gətirmək olar. Habelə Azərbaycan özü də istehsal edir”.

Ekspertin fikrincə, bu il bayramlarda əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb:

“Ümumiyyətlə, Azərbaycanın alıcılıq qabiliyyəti aşağıdır, hazırda o qədər də bayram sovqatı alınmır. Marketlərdə bayram süfrəsinə qoyulacaq məhsullar boldur, amma alıcı sayı yüksək deyil. Düşünmürəm ki, qadağalar hazırda qiymətlərə ciddi təsir göstərə bilsin. Yəni bu gün İranın qadağalarını əsas gətirib bahalaşmanın baş verməsinin iqtisadi əsası yoxdur. Bahalaşma o zaman olacaq ki, bu işlə məşğul olan işbazlar fürsətdən istifadə edəcəklər. İndi Ramazan ayı olduğu üçün ölkəyə kifayət qədər xurma da gətirilib, kartof da”.

Müharibə uzun sürərsə, qıtlıq yarana bilər

“Just Food” portalı yazır ki, İran qlobal püstə istehsalının təxminən 18 faizini, dünya üzrə albalı istehsalının 6 faizini və arpa istehsalının 2 faizini təşkil edir.

Münaqişə Yaxın Şərqdəki digər ölkələrə də yayıldıqca, Küveyt də qida məhsullarının ixracına müvəqqəti qadağa qoyduğunu elan edib. Küveyt Xəbər Agentliyinin məlumatına görə, ölkənin ticarət və sənaye naziri Osama Budai bildirib ki, bu addım istehlakçıları qoruyacaq və bazar sabitliyini artıracaq.

Beləliklə, Şərq ölkələri ciddi şəkildə ərzaq təhlükəsizliyi tədbirlərini artırır.

Vahid Məhərrəmov deyir ki, İran hələ ki, bir neçə adda məhsulun ixracına qadağa qoyub. Bu məhsulların arasında kartof, pomidor, xurma və digər məhsulların adları var. Ekspert düşünür ki, bütün mal və məhsulların ixracına yaxın günlərdə qadağa tətbiq edilə bilər:

“Ona görə ki, onların indi logistik problemləri olacaq. Həm dəniz, həm də quru yol daşımalarında problemlər yaranacaq. Bu səbəbdən İran tərəfi doğru olaraq ixraca qadağa qoyur”.

V. Məhərrəmov qeyd edir ki, Azərbaycan qısa müddətdə bəzi məhsullarla bağlı yaranmış fors-major vəziyyətdən çıxa biləcək:

“Məsələn, İrandan kartof idxal olunur. İndi Azərbaycanın özündə 20 gündən sonra yerli faraş kartoflar çıxacaq. Sonra istixanalarda yetişdirilən yerli pomidorların kütləvi şəkildə bazara çıxışı martın ortalarından başlayacaq. Bu məhsulu da daxili istehsal hesabına təmin edə biləcəyik. Xurmaya yaranan tələbata gəlincə, Azərbaycan bu məhsulu özü istehsal etmir. Ramazan ayında daha çox istifadə olunur. Məncə, bu məhsulla bağlı kifayət qədər ehtiyat yığılıb”.

Ekspert deyir ki, İrandan Azərbaycana ixrac olunan süd və süd məhsullarına, kərə yağına qadağa tətbiq edilərsə, bu məhsullar üzrə yerli bazarda qıtlıq yaranacaq:

“Ümumilikdə isə qiymətlərə ciddi təsir göstərəcək. Çünki İrandan məhsullar ucuz gəlir. İranın süd məhsulları ucuz və keyfiyyətlidir. Xüsusilə, kərə yağı həm ucuzdur, həm də keyfiyyəti yüksək olduğu üçün daha çox alıcısı var. Azərbaycanda müəyyən qıtlıq və çatışmazlıq hiss oluna bilər. Çünki birdən-birə bu qədər məhsulu almaq üçün bazar tapmaq lazım gələcək. İran kimi münbit iqlimi və torpağı olan çox az sayda ölkə var. Azərbaycanda təəssüf ki, daxili istehsal hesabına həmin məhsullarla özünü tam təmin edə bilmir. Müharibə bir müddət davam etsə, Azərbaycanda müəyyən problemlər özünü göstərə bilər. Özümüz istehsalı artıra bilmirik, məhsuldarlıq aşağı düşür. Digər ölkələrdən İrandan idxal etdiyimiz məhsulları gətirmək çətin olacaq. Ona görə ki, İran kimi ucuz və çox həcmdə istehsal edən başqa bir ölkə tapmaq asan olmayacaq”.