İnsanlar ChatGPT‑dən hansı məqsədlərlə istifadə edir? — ARAŞDIRMA
Süni İntellektin (Sİ) gündəlik həyata inteqrasiyası sürətlə artır. İstifadəçilər artıq yalnız informasiya axtarmaq üçün deyil, həyatlarının ən vacib qərarlarında da Sİ-dən məsləhət almağa başlayıblar.
Xüsusilə ChatGPT kimi dil modelləri bu tendensiyada ön sırada dayanır. Reytinqlər və istifadə nümunələri də bunu sübut edir. Budəfəki araşdırmada biz müxtəlif istifadə kateqoriyalarını və potensial riskləri təhlil edirik:
1. Emosional dəstək və münasibət problemləri
Əksər istifadəçilər ChatGPT‑yə şəxsi həyatları və emosional vəziyyətləri ilə bağlı suallar verir. Məsələn, bəziləri birlikdə olduğu insanla münasibəti bitirib-bitirməmək, konfliktləri necə həll etməklə bağlı chatbotdan məsləhət alırlar, gələcəklərinin necə olacağı barədə suallar verirlər.
Bu tip məsləhətlərdə model dialoq, özünü təsdiqləmə və fərdi düşüncə prosesini stimullaşdırır. Bəzi istifadəçilər qeyd edirlər ki, chatbotla dialoqlar onlara özünü dərk etməyə kömək edib ki, bu da qərar qəbul etməni asanlaşdırıb.
2. Karyera və iş həyatı ilə bağlı qərarlar
ChatGPT həmçinin iş dəyişdirmək, karyera istiqamətini müəyyənləşdirmək, CV və motivasiya məktubu hazırlamaq üçün istifadə olunur. Belə ki, insanlar chatbotdan müxtəlif peşə seçimləri və uyğun ixtisaslar barədə məsləhət alırlar. ChatGPT real iş intervüsünü imitasiya edə, müsahibə sualları yarada və sınaq cavabları təmin edə bilir. Bundan başqa Sİ fərdi məlumatlar əsasında sənədləri formatlaya və daha təsirli təqdim etməyə kömək edərək CV & motivasiya məktubu hazırlayır. Bir sözlə, Sİ tətbiqləri işəgötürən qarşısında daha hazırlıqlı olmaq istəyənlərin karına gəlir.
3. Köç və yaşayış yeri ilə bağlı qərarlar
Bəzi istifadəçilər Sİ-dən yeni şəhər və ölkəyə köçərkən məsləhət alırlar. Təyinat yeri, yaşayış xərcləri, yaşayış mühiti, imkanlar və lokal icma kimi aspektləri soruşurlar. Məsələn, müəyyən iddialara görə şəhər tövsiyəsi alan istifadəçilər aid olduğu ərazilərdə uyğun expat icmaları tapmaq üçün ChatGPT‑dən faydalanıblar. Ancaq bu məsələdə risklər böyükdür. ChatGPT demoqrafik məlumatı real zamana tam uyğun əks etdirməyə və bəzi vacib detallar nəzərə almaya bilər.
4. Sağlamlıq, psixoloji vəziyyət və rifah
ChatGPT psixoloji dəstək üçün ən çox müraciət edilən platformalardan biridir. İstifadəçilər stress, narahatlıq, depressiya və yuxu problemləri barədə müraciətlər edirlər. Bu zaman model onlara stress idarəetmə məsləhətləri, özünə qayğı strategiyaları təqdim edir. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, Sİ məsləhəti real tibbi və psixoloji məsləhətin yerini vermir və real mütəxəssis yardımı əvəzedilməzdir.
5. Əyləncə, hobbilər və kreativ məzmun yaradıcılığı
ChatGPT‑dən insanlar yaradıcılıq tələb edən tapşırıqlar üçün də istifadə edirlər: povest, hekayə, şeir yazmaq, hobbi tövsiyələri, oyun strategiyaları və yeni ideyalar yaratmaq. Bu istiqamət Sİ‑nin gündəlik həyat üçün daha əyləncəli və maraqlı yönlərini əhatə edir.
Peşəkar baxışı və potensial risklər
Süni intellekt üzrə mütəxəssis Léonard Boussioux deyir ki, Sİ-dən bu qədər fəal istifadə onun əlçatan və hər zaman cavab verməyə hazırlıqlı olmasından qaynaqlanır. İnsan məsləhəti ilə müqayisədə Sİ daha neytral və diplomatik görünə bilər, çünki o, emosional yanaşma yerinə daha balanslı cavablar təqdim edir. Lakin o, Sİ-nin “istifadəçini məmnun etməyə” öyrədildiyini vurğulayır ki, bu da bəzən yanlış və ya qeyri‑obyektiv nəticələrə gətirib çıxara bilər. Sİ çox vaxt istifadəçinin ilkin düşüncəsini təsdiqləyir, bu isə “təsdiqləyici qərəz” yarada bilər. Bəzi mütəxəssislər narahatdır ki, Sİ-yə həddən artıq arxalanma uzun müddətdə insanın öz qərarvermə bacarıqlarını zəiflədə bilər.
Sİ-nin gündəlik həyatımıza daxil olması dərin sosial və psixoloji təsirlərə malikdir. Yadda saxlayaq ki, onun məsləhətləri obyektiv olmaya bilər, real insan və mütəxəssis dəstəyi əvəzedilməzdir, qərarvermə qabiliyyətinin qorunması vacibdir. Bu, süni intellektin yalnız alət olduğunu xatırladan vacib prinsipdir — qərar verən özümüz olmalıyıq.
AzVision.az