Sosial şəbəkədə biz:
Direktor müavini və kurs rəhbəri vətəndaşlardan külli miqdarda pul alaraq ölkədən qaçdılar -ŞİKAYƏT
Xəbər Şəkli

Direktor müavini və kurs rəhbəri vətəndaşlardan külli miqdarda pul alaraq ölkədən qaçdılar -ŞİKAYƏT

27 May 2026, 22:07
Araşdırma

Salyan rayonu Şəhid Maqsud İsmayılov adına tam orta məktəbin direktor müavini Nazilə Haxıyevanın həyat yoldaşı Bəhman Haxıyevlə birlikdə vətəndaşlara müxtəlif dövlət və özəl qurumlarda, xüsusilə təhsil sahəsində geniş əlaqələrinin olduğu bildirərək işə düzəltmə vədi verdikləri, bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul aldıqları iddia olunur.

Gununsesi.info-ya müraciət edən şikayətçilər iddia edirlər ki, daha sonra həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb və onların ölkəni tərk etdikləri bildirilir.

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi 27 və Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 2942A ünvanlarında fəaliyyət göstərən “Təhsil Dünyası” kurs filialları ilə bağlı vətəndaş şikayətləri ortaya çıxıb. İddialara görə, kurs filiallarının rəhbəri olduğu bildirilən Bəhman Haxıyev və həyat yoldaşı Nazilə Haxıyeva müxtəlif şəxslərə işə düzəltmə vədi verərək onlardan külli miqdarda pul alıblar. Zərərçəkmişlərin sözlərinə görə, onlar vətəndaşlara müxtəlif dövlət qurumlarında, xüsusilə təhsil sahəsində geniş əlaqələrinin olduğunu bildirərək yüksək maaşlı vəzifələrə təyinat məsələlərini həll edə biləcəklərini vəd ediblər. Bildirilir ki, ödənişlərin bir hissəsi kursun filiallarında həyata keçirilib.

Məsələ ilə bağlı zərərçəkmişlərdən birinin verdiyi məlumata görə, Nazilə Haxıyeva ona təhsil sahəsində işə düzəltmə vədi verərək 9 min manat pul alıb. Bildirilir ki, həmin məbləğlə bağlı notarial qaydada borc müqaviləsi rəsmiləşdirilib.

Şikayətçinin sözlərinə görə, daha sonra ondan əlavə 7 min manat tələb olunub və bu vəsait Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Təhsil Dünyası” kursunun ofisində təqdim edilib. İddialara əsasən, vətəndaşda inam yaratmaq məqsədilə notarial sənədin arxa hissəsində pulun alındığına dair əlyazma qeydləri aparılıb və sənəd kursun möhürü ilə təsdiqlənib.

 

Hüquqşünas Xəyal Məmmədovun sözlərinə görə, səsləndirilən iddialar təsdiqini tapacağı halda, burada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə hüquqi məsuliyyət yarana bilər.

 

Onun bildirdiyinə görə, işə düzəltmə vədi ilə vətəndaşlardan pul alınması və əlavə vəsait tələb olunması Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq əlamətləri kimi qiymətləndirilə bilər:

“Notarial sənəd üzərində əlavə qeydlərin aparılması və həmin sənədə borc münasibətinin tərəfi olmayan kurs mərkəzinin möhürünün vurulması isə Cinayət Məcəlləsinin 320-ci maddəsi çərçivəsində araşdırıla bilər. Ödənişlərin kurs ofisində həyata keçirilməsi, sənədlər üzərində qeydlərin aparılması və möhürdən istifadə olunması araşdırma baxımından mühüm əhəmiyyət daşıyan hallar hesab olunur.

Hadisə ilə bağlı “Təhsil Dünyası” kursunun Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi 27 ünvanında yerləşən filialının əməkdaşı Məleykə Həsənova və Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 2942A ünvanında fəaliyyət göstərən filialın əməkdaşı Fidan Məhərrəmova bildiriblər ki, kursun sahibləri olduğu deyilən Bəhman Haxıyev və Nazilə Haxıyeva ilə hazırda əlaqə saxlamaq mümkün deyil. Onların sözlərinə görə, həmin şəxslərin Türkiyə qaçdıqları bildirilir.Kurs əməkdaşları iddia edirlər ki, həm onların, həm də digər işçilərin əməkhaqları ödənilməyib. Bununla yanaşı, kursa ödəniş edərək övladlarını qeydiyyatdan keçirən bəzi valideynlərin də zərərçəkmiş vəziyyətdə qaldığı qeyd olunur”.

Hüquqşünasın sözlərinə görə, aparılan araşdırmalar zamanı kursa ödəniş edən valideynlərlə rəsmi xidmət müqavilələrinin bağlanmadığı və ödənişləri təsdiq edən qəbzlərin təqdim edilmədiyi müəyyən olunub:

“Bu hallar Azərbaycan qanunvericiliyinin bir sıra tələblərinin pozulması kimi qiymətləndirilə bilər.  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən istehlakçının xidmət barədə düzgün və dolğun məlumat almaq hüququ var. Həmin qanunun 13-cü maddəsinə görə isə göstərilən xidmətə görə ödənişi təsdiq edən maliyyə sənədi istehlakçıya təqdim edilməlidir. Müqavilə və qəbzlərin təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsində nəzərdə tutulan istehlakçı hüquqlarının pozulması halları kimi qiymətləndirilə bilər. Vətəndaşlardan işə düzəltmə adı ilə pul alınması və həmin vəsaitlərin aldatma yolu ilə əldə olunması barədə iddialar təsdiqini tapacağı halda, məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq əlamətləri çərçivəsində araşdırıla bilər.

Aparılan araşdırmalar zamanı Bəhman Haxıyev və Nazilə Haxıyevaya məxsus olduğu bildirilən daha bir neçə obyektin fəaliyyəti müəyyən edilib. Onun bildirdiyinə görə, həmin obyektlərdən biri də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində fəaliyyət göstərən “Sevinc” adlı gözəllik salonudur.

Araşdırma zamanı salon əməkdaşlarının da müxtəlif şikayətlərlə çıxış etdiyi bildirilir. Salonun əməkdaşı olduğu deyilən Sona adlı şəxs və digər işçilər əməkhaqlarının və digər maliyyə öhdəliklərinin yerinə yetirilmədiyini iddia ediblər. Hüquqşünas qeyd edir ki, müxtəlif obyektlərdə çalışan şəxslərin oxşar iddialarla müraciət etməsi hadisənin daha geniş miqyasda araşdırılmasını zəruri edir”.

Xəyal Məmmədovun sözlərinə görə, aparılan araşdırmalar çərçivəsində Bəhman Haxıyevin ailə üzvləri ilə də əlaqə saxlanılıb. Onun bildirdiyinə görə, Bəhman Haxıyevin valideynlərinin yaşadığı Salyan rayonu, Yolüstü kəndində yaşayan qardaşı Rəhman Haxıyev məsələ ilə bağlı açıqlamasında qardaşı ilə uzun müddətdir münasibətlərinin olmadığını deyib.

Rəhman Haxıyevin sözlərinə görə, Bəhman Haxıyev sonuncu dəfə ailə həyətinə lizinqdə olan “Kia Sportage” markalı, 77-YQ-498 dövlət qeydiyyat nişanlı avtomobili gətirərək orada saxlayıb və daha sonra ərazini tərk edib.

 

Hüquqşünas qeyd edib ki, avtomobilin lizinqdə olması və hadisədən sonra yaşayış ünvanında saxlanılması araşdırma baxımından diqqət yetirilməli məqamlardan biri hesab oluna bilər:

“Aparılan araşdırmalar zamanı Salyan rayonu Şəhid Maqsud İsmayılov adına tam orta məktəbin bəzi əməkdaşları da oxşar iddialarla çıxış ediblər. Adlarının açıqlanmasını istəməyən əməkdaşların bildirdiyinə görə, məktəbin direktor müavini Nazilə Haxıyeva onlara vəzifələrinin yüksəldilməsi və rəhbər vəzifələrə təyin olunacaqları vədi verərək müxtəlif məbləğlərdə pul alıb. Sonradan məlum olub ki, eyni vədlər bir neçə nəfərə ayrı-ayrılıqda verilib. İddialara əsasən, Nazilə Haxıyeva məktəbin direktoru Rahib Kərimovun yaşlı olduğunu və yaxın vaxtlarda həmin vəzifəyə yeni təyinat olacağını bildirərək bu məsələləri pul müqabilində həll edə biləcəyini deyib. Məktəb əməkdaşları qeyd edirlər ki, verilən vədlər yerinə yetirilməyib və daha sonra Nazilə Haxıyeva ilə əlaqə saxlamaq mümkün olmayıb. Şəxslərin ölkəni tərk etməsi, zərərçəkmişlərin sayının çoxluğu və müxtəlif ünvanlarla bağlı səsləndirilən iddialar hüquq-mühafizə orqanları tərəfindən kompleks şəkildə araşdırılmalıdır.

Zərərçəkmişlərdən birinin 16 min manatlıq maddi zərəri ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Dövlət Sərhəd Xidmətinə rəsmi qaydada müraciət edilib. Hüquqşünas qeyd edib ki, hüquqi prosedurlar çərçivəsində yaxın günlərdə məhkəməyə də müraciət olunması nəzərdə tutulur”.

Sonda Xəyal Məmmədov vurğulayıb ki, vətəndaşlar Nazilə Haxıyeva və Bəhman Haxıyev adlı şəxslərin sosial şəbəkə hesablarından mesaj gəldiyi təqdirdə diqqətli olsunlar.

“Çünki bu şəxslər harada olmalarından asılı olmayaraq, insanların etibarından sui-istifadə etmək üçün fürsət axtarırlar. Bu ki kimi hallarla qarşılaşdıqları zaman şəxsi məlumatlarını, bank kartı məlumatlarını və digər məxfi informasiyaları paylaşmamalı və dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”,-deyə o fikirlərini yekunlaşdırıb.