Sosial şəbəkədə biz:

Zərdab rayonunda suvarma adı ilə kəndlilərdən qanunsuz pul yığılır – Prezidentə müraciət

Zərdab rayonunda suvarma adı ilə kəndlilərdən qanunsuz pul yığılır – Prezidentə müraciət

Zərdab rayonunun Dəliquşçu kənd sakini Natiq İmaməliyev ölkə rəhbərliyinə müraciət edərək, “Qoşaba” Su İstifadəçiləri Birliyinin sədri Eldəniz Vəliyevin kəndliləri maddi baxımdan istismar etdiyini və qanunsuz yollarla pul topladığını bildirib.

“Ədalət yalnız Sizdədir” – kənd sakinindən Prezidentə müraciət

Natiq İmaməliyev müraciətində qeyd edir ki, Prezident İlham Əliyevin ədalətli mövqeyinə güvənərək problemlərini birbaşa dövlət başçısına çatdırmaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, Zərdabda fəaliyyət göstərən “Qoşaba” Su İstifadəçiləri Birliyinin sədri Eldəniz Vəliyev uzun illərdir ki, kənd sakinlərindən qanunsuz şəkildə su pulu yığır və bu vəsaitləri şəxsi bank hesabına köçürtdürür.

Rəsmi olaraq hektar üçün 2 manat su haqqı müəyyən edilsə də, Eldəniz Vəliyev kəndlilərdən 7-10 manat arası məbləğlər tələb edir. Üstəlik, bu ödənişlər üçün heç bir qəbz təqdim olunmur.

Minlərlə hektarlıq suvarmadan külli miqdarda vəsait – Amma hara gedir?

İmaməliyev sadə hesablamalarla ortaya çıxan mənzərəni belə izah edir:

“Təkcə Təzəkənd və Qoşaba kəndlərində ildə təqribən 3 min hektar sahə 3 dəfə suvarılır. Bu da 9 min hektar edir. Hər hektar üçün 10 manat alındığını nəzərə alsaq, bu, ümumilikdə 90 min manat edir. Halbuki dövlətə yalnız 18 min manat ödənilir, yerdə qalan 72 min manatın aqibəti isə bilinmir.”

Onun fikrincə, bu korrupsiya sxemi kəndlinin təkcə maddi deyil, mənəvi iztirablarına da səbəb olur. İnsanlar uşağının dərmanından, evinin çörəyindən kəsərək bu ödənişləri etməyə məcbur qalır.

Dəfələrlə şikayət olunub – Amma nəticəsiz

İmaməliyev bildirir ki, məsələ ilə bağlı dəfələrlə müxtəlif instansiyalara müraciətlər edilsə də, heç bir tədbir görülməyib. Sakinlərlə Eldəniz Vəliyev arasında su pulları ilə bağlı mübahisələrə baxmayaraq, heç bir səlahiyyətli qurum müdaxilə etməyib. Bu isə kənd camaatında dövlətə və ədalətə inamın azalmasına səbəb olub.

Kənd sakini Prezidentə, Maliyyə və Vergi qurumlarına çağırış edir

Natiq İmaməliyev Prezident İlham Əliyevdən, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyindən, Maliyyə naziri Sahil Babayevdən və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlidən bu məsələni nəzarətə götürməyi xahiş edir:
• Eldəniz Vəliyevin adına olan bank hesablarının və dövriyyəsinin araşdırılması;
• Su pullarının toplanma mexanizminin və rəsmi ödənişlərin dəqiqləşdirilməsi;
• Yığılan vəsaitin dövlətə ödənilən hissəsi ilə fərqin müəyyən olunması;
• Qanunsuzluq halları sübuta yetirilərsə, hüquqi tədbirlərin görülməsi.

“Bu artıq bir sistem problemidir”

Müraciətin sonunda müəllif bildirir ki, bu məsələ artıq təkcə bir kəndin yox, daha geniş bir sistemdəki ədalətsizliyin bariz nümunəsinə çevrilib. O, kəndlinin zəhmətinin və haqqının yeyilməsinə göz yumulmamasını istəyir:

“Bu pullar uşaqların dərmanından, ailələrin çörəyindən kəsilərək ödənilir. Zəhmətkeş kəndlinin halal pulu şəxsi ciblərə getməməlidir”.

Azinforum.az olaraq bildiririk ki, yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dinləməyə hazırıq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol