Vətəndaş işığa görə 12 manat ödəyəcək, “Azərişıq’” isə 37 milyon qazanacaq
Ölkədə hər daşınmaz əmlak sahibi ildə 12 manat elektrik enerjisinə görə əlavə ödəniş edəcək. Hökumət nümayəndələri bu addımı xidmətin keyfiyyətinin artırılması ilə şərh edirlər.
Artıq elektrik enerjisi abunəçiləri üçün sabit aylıq tarif qanunla təsdiq edilib. “Elektroenergetika haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, gələn aydan etibarən vətəndaşlar elektrik enerjisi sərfiyyatından əlavə olaraq sabit aylıq ödəniş də etməli olacaqlar. Yəni əmlak sahibi elektrik enerjisindən istifadə edib-etməməsindən asılı olmayaraq, aylıq abunə haqqı ödəyəcək.
Qanunda nəzərdə tutulan dəyişiklik iyul ayından qüvvəyə mindiyi üçün, bu da Tarif Şurasının yaxın zamanda yeni tarifləri müəyyən edəcəyini deməyə əsas verir.
Bir neçə gün əvvəl energetika nazirinin müavini Orxan Zeynalovun verdiyi açıqlamasından sabit tarifin hər bir abonent üçün aylıq 1 manat səviyyəsində müəyyən ediləcəyi aydın olur.
Nazir müavini bu tarifin tətbiqində əsas məqsədin xidmətin keyfiyyətinin artırılması və xərclərin istehlakçılar arasında daha ədalətli bölüşdürülməsi olduğunu bildirib.
“Hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”,- deyə O.Zeynalov qeyd edib.
İqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli öz facebook səhifəsində bu məsələ ilə bağlı münasibət bildirib:
“Gözlənti budur ki, aylıq sabit tarif 1 manat olacaq – yəni, işlətdiyimiz elektrik enerjisinin dəyərinin üzərinə əlavə 1 manat da gələcək.
Çox güman, Tarif Şurasının qərarı ilk olaraq aylıq 1 manat olacaq, amma, kim zəmanət verə bilər ki, bir neçə aydan sonra Tarıf Şurası gecənin qaranlığında, vətəndaşlar yatanda oyanıb (məşhur “mafiya” oynunda olduğu kimi), tarifi artırmayacaq?!
Ona görə də, mütləq hökumət bu qərarı vətəndaş qəzəbinin ünvanı kimi düşünülmüş Tarif Şurasına həvalə etməməli, məsuliyyətin konkret ünvanı olmalı, Nazirlər Kabineti sabit tarifin, ən azı, üç il 1 manat olacağı ilə bağlı öhdəlik götürməlidir. Məsuliyyətin mütləq “adı və soyadı” bəlli olmalıdır, mücərrəd Tarif Şurasına bu işi tapşırmaq olmaz.
Ümumiyyətlə, Tarif Şurasının fəaliyyəti büdcəyə təsir edir deyə, Ana Yasaya zidd qurumdur. Çünki bu səlahiyyət Parlamentə aiddir”.
“Naməlum” xidmətə görə “Azərişıq”ın 37 milyonluq qazancı
Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məlumatına əsasən, 2025-ci il mayın 1-nə ölkədə elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 2 milyon 816 min 607 nəfər, qeyri-əhali istehlakçılarının sayı isə 191 min 72 nəfər təşkil edir. Beləliklə, qanun ümumilikdə 3 milyondan çox istehlakçını əhatə edəcək.
Agentliyin məlumatına Naxçıvan Muxtar Respublikasının təsərrüfatı daxil edilməyib. Əgər Naxçıvanda yerləşən ev təsərrüfatlarını da abunəçilərin ümumi siyahısına daxil etsək, burada da əlavə olaraq 110 mindən çox abonentdən söhbət gedir.
Ölkədəki ümumi işıq abonentinin sayına əsasən hesablandıqda və hər istehlakçı üçün sabit aylıq tarifin 1 manat olması halında, “Azərişıq” ASC ayda təqribən 3,1 milyon manat, ildə isə 37,2 milyon manatdan çox gəlir əldə edəcəyi deməkdir. Beləliklə, cəmiyyətə göstərəcəyi “naməlum” xidmətin müqabilində “Azərişıq”ın illik milyonlarla manat vəsait toplayacağı gözlənilir.
İqtisadçı-ekspert Zöhrab İsmayıl Meydan TV-yə açıqlamasında qərarın iqtisadi əsaslandırmasını şərh edərək bildirib ki, sabit tarifin tətbiqi əhalinin üzərinə əlavə xərclər yükləməklə büdcənin doldurulması məqsədi daşıyır. Onun sözlərinə görə, şəffaflıq problemi olan kommunal təsərrüfat şirkətlərində idarəetməni dəyişmək əvəzinə, bu yükü vətəndaşların üzərinə qoyaraq problemin öhdəsindən gəlməyə çalışırlar:
“Azərbaycanda belə bir tarifin tətbiq olunmasının əsas səbəbi əhalidən müxtəlif vasitələrlə, o cümlədən kommunal xidmətlər üzərindən daha çox vəsait toplamaqdır. Bu gün ölkədə çoxlu sayda ev var ki, orada yaşayış yoxdur, sahibi ölkədə deyil. Bəzi vətəndaşların isə bir neçə evi mövcuddur. Sabit tarif bu baxımdan bəlkə də səmərəli görünə bilər, yəni əgər ev varsa, istifadə olunmalıdır. İndi bu ev sahibləri də bu haqqı ödəyəcək. Bu mənada müəyyən məntiqi əsaslandırma mövcud ola bilər. Lakin bu tədbirin bütün əhali və qeyri-əhali qruplarına şamil olunması düzgün deyil”.
Z. İsmayıl hesab edir ki, hökumətin bu addımı yalnız elektrik enerjisi ilə məhdudlaşmayacaq:
Z.İsmayıl bildirib ki, dövlətin iri şirkətlərində şəffaflığı artırmaq, onların institusional inkişafını və düzgün idarəetməsini təmin etmək əvəzinə, vətəndaşlardan daha çox gəlir əldə etməyə, sadəcə olaraq cibləri doldurmağa çalışılır. Onun sözlərinə görə, belə bir aylıq ödənişin heç bir iqtisadi əsaslandırması yoxdur:
“Kommunal xidmətlərə qoşulmaq pullu ola bilər, amma aylıq xidmət haqqı almaq absurddur. Əslində, qoşulma da həmişə pullu olmamalıdır. Abonent yalnız o halda xidmət haqqı ödəməlidir ki, sahib olduğu digər əmlaka ayrıca kommunal xətt çəksin. Bu zaman sayğacın quraşdırılması pullu ola bilər. Onsuz da vətəndaşlar, xüsusilə yeni binalarda sayğac quraşdırmaq üçün rüşvət, qeyri-rəsmi ödənişlər edirlər. İndi bu prosesi rəsmiləşdirmək olar. Bu da ilk əmlak deyil, vətəndaşın aldığı digər əmlaklara şamil edilməlidir”.
İqtisadçı hesab edir ki, aylıq abunə haqqı almağın xidmət keyfiyyəti ilə əsaslandırılması da qəbuledilməzdir:
“Bunun keyfiyyət artımı ilə əlaqələndirilməsi absurddur. Bu, sadəcə insanlardan əlavə pul qoparmaq, büdcəni doldurmaq cəhdidir. Onsuz da hökumət istədiyi vaxt kommunal xidmətlərin tariflərini artırır. Kommunal xidmətlər Azərbaycanda ucuz deyil, limitlər də tətbiq olunur. Vətəndaşların gəlir səviyyəsinə görə bu xidmət haqları kifayət qədər yüksəkdir. Bu səbəbdən yeni sabit tarif əhaliyə əlavə maliyyə yükü gətirəcək”.
Əgər iqtisadçının qeyd etdiyi kimi, sabit tariflərin qaz və suya da tətbiqi baş verərsə, bu halda, ölkədəki inhisarçı dövlət şirkətləri göstərdikləri “naməlum” xidmətlər müqabilində əhalidən ildə 100 milyon manatdan çox vəsait əldə edəcəklər.
Hazırda elektrik enerjisinin istehlak qiymətləri tətbiq olunan limitlərə görə dəyişir. Əhali qrupu üzrə aylıq istehlakın 200 kVts-a qədər olan hissəsi üçün 8,4 qəpik/kVts, 200-dən 300 kVts-a qədər olan hissəsi üçün 10 qəpik/kVts, 300 kVts-dan çox olan hissə üçün 15 qəpik/kVts müəyyən edilib.
Qeyri-əhali qrupu üçün sənaye və kənd təsərrüfatı sektoru üzrə 10,6 qəpik/kVts, elektromobil şarj stansiyaları üçün isə 12,5 qəpik/kVts təşkil edir.