Sosial şəbəkədə biz:
Şifer qadağası evləri bahalaşdıracaq?
Xəbər Şəkli

Şifer qadağası evləri bahalaşdıracaq?

11 February 2026, 09:21
Sosial

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. 

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək. 

Bəs bu hal evlərin maya dəyərinə necə təsir edəcək? Əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, son 10-15 ildə inşaat materiallarında asbestdən istifadə demək olar sıfıra enib: 

“Asbestdən ən çox Sovet dönəmində dam örtüklərində və kanalizasiya borularında, çox az həcmdə isə bəzi yarımkeçiricilər və yanğından mühafizə materiallarında istifadə olunurdu. 

Son illər ölkədə daha müasir dəmir örtükləri və digər materiallardan istifadə olunur ki, onlar daha yüngüldürlər, qiymətləri münasibdir və onların əsas idxal mənbəyi Rusiyadır. 

Asbestdən az həcmdə kanalizasiya borularında istifadə olunurdu ki, bunlar birbaşa açıq havada olmadıqlarına görə insanlar üçün çox da təhlükəli sayılmırdı. 

Asbestin tərkibində olan materiallar, əsasən, tənəffüs yolları üçün zərərlidir və onkoloji xəstəliklərin yaranmasına səbəb olur”. Ekspert qeyd edir ki, bu hal inşaat materiallarının və evlərin satış qiymətinə təsir etməyəcək. 

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.