Bu mənzərə Sabirabadın Sarxanbəyli kəndindəndir. Bir vaxtlar bir neçə yaşayış məntəqəsinin əlaqəsini təmin edən körpüdən indi əsər-əlamət qalmayıb. Təxminən bir il əvvəl uçan körpünün yerində qalan dağıntılar isə sakinlərə yaşadıqları çətinliyi hər gün xatırladır. Körpü ilə yanaşı, insanların rahat gediş-gəliş ümidi də puça çıxıb.
Sakinlərin sözlərinə görə, ötən ilin sonlarında körpü uçduqdan sonra onlara yenisinin tikiləcəyi və alternativ yolun salınacağ vəd edilib. Lakin o vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, bu vədlər yalnız kağız üzərində qalıb. Nəticədə insanlar İkinci Küryanı kollektorun bu tayına keçmək üçün on kilometrlərlə yol qət etmək məcburiyyətində qalıblar.
Körpünün olmaması təkcə gediş-gəlişi çətinləşdirmir, kənd təsərrüfatına da ciddi zərbə vurur. Çünki sakinlərin əkin sahələrinin böyük hissəsi kollektorun o biri tərəfində yerləşir. Sakinlər deyirlər ki, alternativ yol çəkilmədiyindən bəzən təsərrüfat işlərini belə vaxtında görə bilmirlər.
Xezerxeber.az