Gölün bəndi yarıldı, 100-dən çox evi su basdı
Abşeron rayonunun Digah qəsəbəsində gölün bəndi yarılıb, 100-dən çox evi su basıb.
Sakinlər deyirlər ki, ərazidə suyun səviyyəsi bəzi yerlərdə 1 metrdən artıqdır.
Nəticədə vətəndaşlar evlərinə daxil olmaqda çətinlik çəkir, bir çox ailə isə təhlükəsizlik məqsədilə yaşayış yerlərini tərk etməyə məcbur olub.
Subasma nəticəsində evlərdə olan məişət əşyalarının böyük hissəsi yararsız hala düşüb.
Hadisədən sonra əraziyə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə nümayəndələri, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Bağlar Sukanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, daxil olmuş tapşırıq əsasında Digah qəsəbəsi ərazisində yerləşən şor gölü ətrafına təcili olaraq işçi heyəti və texnikalar cəlb olunaraq işə başlanılıb. Hazırda xüsusi texnika və canlı qüvvənin iştirakı ilə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində intensiv işlər aparılır.