Sosial şəbəkədə biz:
Boşanma halları üzrə Qarabağ regionu ilk sıradadır
Xəbər Şəkli

Boşanma halları üzrə Qarabağ regionu ilk sıradadır

26 May 2026, 14:10
Sosial

Milli Məclis "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" qəbul edib.

 

Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

 

Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

 

Qeyd olunub ki, Azərbaycanda qadağan olunana qədər 2025-ci ilin iyulun 1-dək 1 412 qohum nikahı faktı qeydə alınıb.

 

Hesabata əsasən, bu rəqəm 2024-cü ildə 2 058 olub.

 

Keçən il üçün qohum nikahı ən çox Bakıda (360) qeydə alınıb.

 

Bundan başqa, 2025-ci il üzrə ölkədə 48 546 nikaha daxilolma, 20 675 boşanma halları qeydə alınıb. 2024-cü illə müqayisədə 2025-ci ildə nikahların sayı azalaraq hər min nəfərə 4.9-dan 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb. Həmçinin 2022-25-ci illərdə ildən-ilə nikahların sayı azalıb. 2023-25-ci illərdə boşanmaların sayında ildən-ilə azalma müşahidə olunur.

 

Eyni zamanda, Azərbaycanın 14 iqtisadi rayonu üzrə 2025-ci ildə rəsmi qeydə alınmış ən çox boşanma halları Qarabağ (1 590), Abşeron-Xızı (1 504), Mərkəzi Aran (1 442), Gəncə-Daşkəsən (1 374) iqtisadi rayonları üzrə qeydə alınıb.

 

Ən az boşanma halları Dağlıq Şirvan (577), Şərqi Zəngəzur (711) iqtisadi rayonlarında qeydə alınıb.

 

Həmçinin keçən il Azərbaycanda aliment ödəməkdən yayınan 2 344 valideyn inzibati qaydada həbs olunub.

 

Hesabata əsasən, onlardan 3 083 (2024-cü ildə 2 987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2 344 (2024-cü ildə 2 318) nəfər inzibati qaydada həbs olunub.

 

Bundan başqa, keçən il cinayət məsuliyyətinə cəlbetmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib, onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb, üç (2024-cü ildə üç) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə yeddi) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.

 

2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı isə 46 219 olub.

 

Hesabatda qeyd olunub ki, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə keçən il üçün 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

 

Bildirilir ki, beş valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.

 

Həmçinin 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.

 

Bildirilir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə keçən il ərzində məişət zorakılığının qarşısının alınması ilə bağlı 558 müraciət daxil olub.

 

Müraciət əsasında zorakılığa məruz qalanların 83-ü kişi, 539-u qadın, 515-i uşaq, zorakılıq törədənlərin isə 549-u kişi, onlardan 228 ər, 108 keçmiş ər, 27-si qeyri-rəsmi münasibətlərdə olduğu şəxs olub.

 

Hesabat müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.

 

Xatırladaq ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Oxu.Az