Borc vərəsəyə keçirsə, pensiya niyə keçmir?
Son vaxtlar pensiya sistemi ilə bağlı bir sıra məsələlər davamlı müzakirə olunur.
Burada əsasən pensiya yaşı və pensiya kapitalının çox olması, eləcə də vərəsəlik kimi amillər öz əksini tapıb. Ancaq aktual olan bu məsələlərin həlli istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur.
Pensiya ilə bağlı ən çox narahatedici məqamlardan biri də varisliklə bağlıdır. Belə ki, vəfat edən şəxsin pensiya kapitalı varisə ötürülmür. Ancaq vəfat edən şəxsin banka borcu qalırsa, bank varis olaraq övladını məhkəməyə verir. Niyə borcla bağlı vətəndaş varis hesab edilir, ancaq pensiya kapitalı ilə bağlı hesab edilmir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənovun “Cebheinfo.az”-a bildirdiyinə görə, hər bir kəsin əmıakı vəfatından sonra vərəsəsinə keçir:
“Yəni vəfat edən şəxsin əmlakı olmalıdır ki, vərəsə onu qəbul etsin. Məsələn, evi, torpağı, avtomobili qalıb. Əgər heç nəyi qalmayıbsa, vərəsə də yoxdur. Vərəsə demək, sadəcə “mən onun oğluyam, qızıyam” demək deyil.
Əmlakı varsa, oğlu və ya qızı vərəsədir və ona keçib. Əmlak varsa belə, şəxs öldükdən sonra 3 ay ərzində onun qanuni varisi olan şəxslər gedib notariata ərizə yazıb imtina edə bilər.
Deyə bilər ki, mən onun vərəsəsi deyiləm. Yəni əmlakını qəbul etmək istəmir. Əgər ölən şəxsin əmlakı varsa belə, onun vərəsəsi qəbul etdiyi əmlak həddində cavabdehdir. Məsələn, ölən şəxsin 100 min manat borcu var, onun qalan evinin qiyməti də 150 min manatdır. Onun oğlu da, qızı da varsa, demək evin 50 faizi oğluna, 50 faizi də qızına çatır. Bu zaman oğlu və qızı hərəsi müəyyən məbləğlə onun borcunu ödəməlidirlər. Çünki valideyndən əmlak qalıb.
Yaxud vəfat edən şəxsin borcu 100 min manatdırsa, qalan avtomobilin qiyməti isə 50 min manatdırsa, bu borca çatmır. Bu halda yenə övladları hər biri 25 min manat ödəməlidirlər. Çünki onlar miras əmlakın dəyəri həddində məsuldurlar”.
Pensiya kapitalına gəldikdə isə ekspert deyir ki, qanunvericiliyə görə, şəxs vəfat etdikdə onun pensiya kapitalı da itirilir:
“Bunun səbəbi isə qanunda belə olmasıdır. Qanun nə vaxt dəyişərsə, o zaman pensiya kapitalını varisə ödəyəcəklər. Bəzi ölkələr var ki, vətəndaş öldükdən sonra pensiya kapitalı tam, yaxud qismən vərəsələrinə keçir. Bizdə belə deyil.
Çünki bizdə Dövlət Sosial Müdafiə Fondunda pul onsuz da yoxdur. Biz hamımız məcburi şəkildə DSMF-yə sosial sığorta haqqı ödəyirik. O pul pensiyaları verməyə çatmır. Əlavə olaraq hər il dövlət büdcəsindən də bir neçə milyon manat verilir.
Sistem ona hesablanıb ki, hamı pensiya yaşına çatmayacaq. Yaxud çatacaq, pensiya kapitalından tam istifadə edə bilməyəcək. Hamı istifadə etsə, dövlətin yükü də çox olacaq. Yəni sistem elə hesablanıb ki, bəziləri öləcəklər, pensiya ala bilməyəcəklər. Pensiya kapitalını vərəsələrə verməli olsalar, o zaman heç orada pul qalmaz”.