Bina evlərindəki bu nüans qiymətə xeyli təsir edir — AÇIQLAMA
Son illər inşa edilən yaşayış binalarında balkonların sahəsinin kiçilməsi və ya ümumiyyətlə layihədən çıxarılması tendensiyası müşahidə olunur. Tikinti şirkətləri bunu daha səmərəli planlaşdırma və mənzillərin daxili sahəsinin artırılması ilə izah edirlər. Lakin mütəxəssislər balkonların yalnız əlavə məkan deyil, həm də təhlükəsizlik və havalandırma baxımından mühüm rol oynadığını bildirirlər. Xüsusilə fövqəladə hallar zamanı balkonların alternativ çıxış və ya xilasetmə imkanları yaratdığı vurğulanır. Balkonların ləğvi və ya kiçildilməsinin yaşayış komfortu və təhlükəsizlik baxımından hansı risklər doğurduğu isə müzakirə olunan məsələlər sırasındadır.
AQC İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Demokrat.az-a şəhərsalma qaydaları və prinsiplərinə uyğun olaraq eyvanların (balkonların) yaşayış binalarında mühüm əhəmiyyəti olduğunu bildirib:
“Eyvanlar həm fövqəladə hallar zamanı əlavə çıxış və təhlükəsizlik elementi kimi çıxış edir, həm də binanın ümumi memarlıq görünüşünə müsbət təsir göstərir. Eyni zamanda, onlar vətəndaşların qapalı məkandan açıq havaya çıxışını təmin edir və mənzilin istifadəsi baxımından əlavə üstünlük yaradır. Mənzil bazarında da eyvanlar əmlakın dəyərinə təsir edən amillərdən biri hesab olunur. Bununla belə, çıxarış verilərkən eyvan sahəsi tam deyil, müəyyən əmsalla hesablanır. Məsələn, 3-4 kvadratmetr eyvan sahəsi üçdə bir əmsalla nəzərə alınaraq ümumi sahəyə əlavə edilir. Bu baxımdan eyvanların tikintisi əlavə böyük xərc yaratmır. Çünki eyvanların hər kvadratmetrinə düşən tikinti xərci mənzilin daxili yaşayış sahəsi ilə müqayisədə daha aşağı olur”.
O qeyd edib ki, eyvanların layihələrdən çıxarılması və ya ümumiyyətlə nəzərdə tutulmaması məqsədəuyğun deyil:
“Əksinə, onların saxlanılması və mümkün qədər funksional şəkildə layihələndirilməsi vacibdir. Eyvanların psixoloji baxımdan da əhəmiyyəti böyükdür. İnsanlar uzun müddət qapalı məkanda olduqdan sonra açıq havaya çıxaraq özlərini daha rahat hiss edirlər. Gündəlik həyatda da tez-tez rast gəlinir ki, insan özünü narahat hiss etdikdə ona eyvana çıxmaq, təmiz hava almaq tövsiyə olunur. Bu, insanın həm emosional vəziyyətinə, həm də ümumi rahatlığına müsbət təsir göstərir. Bu səbəbdən ütün mənzillərdə eyvana çıxış imkanları qorunub saxlanılmalıdır. Hətta eyvanların daha geniş və istifadəyə yararlı formada layihələndirilməsi yaşayış komfortunu artıran amillərdən biri hesab oluna bilər”.