Bakı və Abşeronda su qıtlığı var
Havalar kəskin istiləşəndən sonra, xüsusilə də son bir həftədə Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə şikayətlər səngimək bilmir. Həm sosial şəbəkələrdə yayılan məlumatlara, həm də ayrı-ayrı paytaxt sakinlərinin AzadlıqRadiosuna bildirməsinə görə, suyun verilməsində hər gün fasilələr yaranır, bəzi hallarda isə gün ərzində, ümumiyyətlə, verilmədiyi vurğulanır.
Maşınlardan su alanlar var
Şikayətlərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində içməli suyun günlərlə verilmədiyi, Yasamal rayonunun bəzi ərazilərində də günün böyük bir hissəsində suyun kəsildiyi bildirilir. Xırdalan şəhərindən, Lökbatan, Masazır və Zığ qəsəbələrindən də şikayətlər eşidilir. Hətta Zığ qəsəbəsindən yerli media orqanlarına bildiriblər ki, onlar maşınlarla suyun tonunu 11–13 manata almağa məcbur qalıblar.
Rəsmi cavab: "Suya tələbat artıb"
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən APA-ya bildirilir ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır: "Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0.3 milyon kubmetr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənmsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir...".
Qurum vəziyyətdən çıxışı yeni layihələrdə görür: "...Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür qurğuları kompleksində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir".