Marko Rubio fransalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
ABŞ dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan-Noel Barro Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Bildirilib ki, tərəflər arasında avqustun 4-də baş tutan telefon danışığında Rubio və onun fransalı həmkarı İranın heç vaxt nüvə silahı inkişaf və ya əldə etməməsi öhdəliyinə sadiq olduqlarını təsdiqləyiblər.
"Həmçinin Qəzzada humanitar vəziyyət və atəşkəsin əldə olunması istiqamətində səylər, Rusiya-Ukrayna müharibəsinə son qoyulması, Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi, Sudanda davam edən münaqişə müzakirə olunub", - Dövlət Departamentinin məlumatında bildirilib.
'Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh memorandumu imzalanacaq' – Mənbə
Azərbaycan və Ermənistan bu həftəsonu Vaşinqtonda sülh niyyətlərini elan etməyə hazırlaşır. Bunu avqustun 4-də ABŞ Dövlət Departamentinin müxbiri Ələkbər Raufoğlu X hesabındakı paylaşımında bildirib.
Jurnalist öz mənbələrinə istinadən yazıb ki, prezident Donald Trampın cümə günü - avqustun 8-də Ağ evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edəcəyi gözlənilir.
O qeyd edib ki, ABŞ prezidenti Paşinyanla və Əliyevlə ayrıca görüşlər keçirəcək və daha sonra üç liderin birgə bəyanatı olacaq.
"Middle East Eye" saytı da məsələdən xəbərdar olan regional mənbələrə istinadən bildirib ki, Azərbaycan və Ermənistan Vaşinqtonda anlaşma memorandumu imzalayacaq.
"Mənbələr ABŞ prezidenti Donald Trampın imzalanma mərasimi üçün Ağ evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcəyini bildiriblər. Mənbələrin sözlərinə görə, iki liderin sülh sazişinin layihəsindən daha çox "niyyət məktubu" imzalayacağı gözlənilir. Bu, Trampa ötən aydan bəri regionda axtardığı diplomatik nailiyyəti təmin etmiş olacaq", - "Middle East Eye" yazıb.
Ermənistan baş nazirinin ofisi Vaşinqton görüşü ilə bağlı məlumatı nə təkzib, nə də təsdiq edib: "Hazırda baş nazir Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilərik".
Martda Yerevan və Bakı sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, Azərbaycan sazişin imzalanması üçün bir sıra əlavə şərtlər irəli sürüb.
Gözlənilən Ağ ev sammiti iki lider arasında iyulda Əbu-Dabi şəhərində baş tutan görüşdən sonra keçirilir. Görüşdən sonra liderlər bildirmişdi ki, hər iki ölkə bir neçə ay ərzində sazişin əsas prinsiplərini yekunlaşdıra və sonra paraflaya bilər.