Sosial şəbəkədə biz:
Kim uduzdu, kim uddu?
Xəbər Şəkli

Kim uduzdu, kim uddu?

08 April 2026, 13:35
Siyasət

ABŞ və İran arasında son hərbi gərginlik fonunda hər iki tərəfin özünü qalib kimi təqdim etməsi əvvəlcədən də gözlənilən idi. Hər iki tərəfin həm beynəlxaq birliyə, həm də daxili auditoriyaya qalib olduqlarına dair mesajlar ötürməkdən başqa yolu yox idi. Lakin mənzərə təbii ki, daha mürəkkəbdir. Reallıq ondan ibarətdir ki, bu qarşıdurmada nə tam qalib var, nə də açıq məğlub. Bu, daha çox tərəflərin müəyyən taktiki üstünlüklər əldə etdiyi, lakin strateji məqsədlərinə tam çata bilmədiyi bir qarşıdurma kimi qiymətləndirilə bilər.
ABŞ hərbi baxımdan üstünlüyünü nümayiş etdirə bildi. İranın müəyyən hərbi və strateji obyektlərinə zərbələr endirməklə Vaşinqton həm texnoloji, həm də operativ imkanlarını ortaya qoydu. Lakin bu üstünlük məhdud xarakter daşıdı. ABŞ İranı geri çəkilməyə və ya öz əsas strateji kursundan imtina etməyə məcbur edə bilmədi. Əksinə, münaqişənin uzanması Vaşinqton üçün həm daxili siyasi təzyiqləri artırdı, həm də beynəlxalq imicinə müəyyən zərər vurdu.
İran isə hərbi baxımdan ciddi zərbələr alsa da, siyasi baxımdan müəyyən üstünlüklər əldə etdi. Ən başlıcası, İran rejimi mövcudluğunu qoruyub saxladı və daxili çöküş baş vermədi. Bundan əlavə, İranın cavab zərbələri və müqavimət qabiliyyəti onun tam zəif olmadığını göstərdi. Bu, həm ölkə daxilində ictimai rəyin səfərbər olunmasına, həm də regiondakı müttəfiq qüvvələrin, xüsusilə də proksi qüvvələrin motivasiyasına təsir etdi. Daha önəmli məqam isə odur ki, İran ABŞ-la birbaşa danışıqlar müstəvisinə çıxa bildi ki, bu da Tehranın özünü bərabər tərəf kimi təqdim etməsi baxımından mühüm siyasi nəticədir.
Bununla belə, İranın itkiləri də az deyil. Hərbi infrastrukturun zədələnməsi, iqtisadi vəziyyətin daha da pisləşməsi və sanksiya təzyiqlərinin davam etməsi ölkənin uzunmüddətli dayanıqlığı üçün risklər yaradır. Enerji və nəqliyyat infrastrukturunun hədəfə alınması isə iqtisadi bərpa imkanlarını məhdudlaşdırır. Bu baxımdan İran qısa müddətdə siyasi mövqeyini qorusa da, uzunmüddətli perspektivdə zəifləmə riski ilə üz-üzədir.
Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, bu qarşıdurma tərəflərin hər birinə müəyyən imkanlar qazandırsa da, heç birinin həlledici qələbəsi ilə nəticələnmədi. ABŞ taktiki hərbi üstünlük əldə etdi, İran isə strateji baxımdan mövcudluğunu və müqavimət qabiliyyətini qorudu. Bu isə onu göstərir ki, münaqişə həll olunmayıb, sadəcə növbəti mərhələyə keçib və gələcəkdə yenidən eskalasiya ehtimalı hələ də qalmaqdadır.

Rəşad Bayramov, AMİP Ali Məclisinin sədri