Sosial şəbəkədə biz:
İranda müharibəsi uzanarsa, Azərbaycan üçün hansı risklər yarana bilər?
Xəbər Şəkli

İranda müharibəsi uzanarsa, Azərbaycan üçün hansı risklər yarana bilər?

05 March 2026, 15:13
Siyasət

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının nə qədər davam edə biləcəyi və bu müharibənin uzanmasının region ölkələrinə, o cümlədən Azərbaycana necə təsir göstərəcəyi məsələsi bütün kəskinliyi ilə gündəmdədir. Döyüşlərin qızğın çağında dəqiq proqnoz vermək çətindir, lakin artıq aydındır ki, tərəflər danışıqlar variantından imtina ediblər.

Bir neçə gün əvvəl bu barədə İran rejiminin aparıcı fiqurlarından biri – Əli Laricani açıqlama verib. Ardınca ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın hava hücumundan müdafiə sistemi, hərbi-hava qüvvələri, hərbi-dəniz qüvvələri və rəhbərliyi məhv edilib və əlavə edib: “Onlar danışıqlar istəyirlər. Mən isə dedim: artıq gecdir!”

Tramp amerikalılara müraciətində bildirib ki, İrana qarşı kampaniya ilkin olaraq dörd-beş həftəlik planlaşdırılıb, lakin zərurət yaranarsa, ABŞ əməliyyatları daha uzun müddət davam etdirməyə hazırdır. “Biz artıq zaman baxımından proqnozlarımızı xeyli qabaqlamışıq. Amma nə qədər vaxt lazım olsa, problem deyil. Lazım olan hər şeyi edəcəyik”, – o, münaqişə başlayandan bu yana ilk ictimai çıxışında vurğulayıb.

ABŞ prezidenti molla rejiminə qarşı quru əməliyyatı ehtimalını da istisna etməyib. O, “The New York Post”a müsahibəsində bildirib ki, sələflərindən fərqli olaraq belə ssenaridən çəkinmir: “Mənim hərbçilərin göndərilməsi ilə bağlı hansısa qorxum yoxdur. Digər prezidentlər belə hallarda deyirlər ki, “bizim qoşunlarımız orada olmayacaq”. Mən isə bunu demirəm”.

Müharibənin bir-iki həftədən sonra onu “darıxdıracağı” ilə bağlı iddiaları şərh edən ABŞ prezidenti “mən heç vaxt darıxmıram” deyib. O, həmçinin, ABŞ-ın faktiki olaraq tükənməz sursat ehtiyatına malik olduğunu vurğulayıb: “Müharibəni “əbədi” və çox uğurla aparmaq olar – həm də başqa ölkələrin ən yaxşı silahlarından daha üstün olan bu ehtiyatlarla!”.

Bütün bunlar Azərbaycanda da müəyyən narahatlıq və suallar doğurur. İran ətrafında vəziyyətin uzunmüddətli eskalasiyası ölkəmizin həyatına necə təsir göstərə bilər? Bu prosesin sosial-iqtisadi nəticələri necə ola bilər? İran İslam Respublikasının hakim elitasının vəziyyəti daha da ümidsizləşərsə, Azərbaycanın bu münaqişəyə hansısa formada cəlb olunması riski varmı? Belə şəraitdə Tehran düşünülməmiş və aqressiv addımlar ata bilərmi?

Pressklub.az-ın suallarını Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyov cavablandırıb.

O, öncə xatırladıb ki, Donald Tramp ziddiyyətli bəyanatlar verməyi sevir: gah müharibənin bir həftəyə bitəcəyini deyir, gah da onun “əbədi” davam edə biləcəyini bildirir.

Bu sözlərə, xüsusən də müharibənin nə qədər davam edəcəyi barədə zaman baxımından, böyük əhəmiyyət vermək lazım deyil. Hərbi mütəxəssislər qeyd edirlər ki, gəmilərdə və bazalarda yerləşdirilmiş raket və bombaların həcmi təxminən bir aya qədər intensiv hərbi əməliyyatlar aparmaq üçün hesablanıb. Güman edirəm ki, yüksək intensivlik daha bir həftə və ya on gün davam edəcək, bundan sonra isə azalacaq. Ehtimal ki, İranda yeni rəhbərlik formalaşdıqdan sonra vasitəçilər və beynəlxalq təşkilatlar vasitəsilə atəşkəs və dialoqun bərpası istiqamətində səylərə başlanılacaq.

Azərbaycana gəlincə, siyasət elə qurulub ki, mövcud vəziyyət ölkəyə təsir göstərməsin. Aqressiv addımlar yalnız düşmənlərin sayını artırar, İran rəhbərliyi isə yaxşı anlayır ki, Azərbaycana qarşı istənilən belə addım münaqişəyə Türkiyənin də cəlb olunmasına gətirib çıxarar. İranın onsuz da kifayət qədər düşməni var”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, əgər İran dənizdən blokadaya alınarsa (proseslər isə məhz buna doğru gedir) o zaman həyati əhəmiyyətli ərzaq məhsullarını (un, bitki yağı) və kənd təsərrüfatı üçün mineral gübrələri əldə etməyin yeganə yolu Rusiya və ya Türkiyədən Azərbaycan ərazisi vasitəsilə tədarük olacaq.

Overçuk da bura təsadüfən gəlməyib. Aydındır ki, söhbət indi “Şimal–Cənub” dəhlizindən getmir – müharibə şəraitində İranda hər hansı yerüstü iş aparmaq mümkün deyil və bu məsələ aktual deyil. Əlbəttə, Azərbaycan öz ərazisindən silah və hərbi yüklərin keçməsinə imkan verməyəcək. Amma humanitar yüklərin – ərzaq və dərman preparatlarının – artıq sərhəddə inşa edilmiş terminallar vasitəsilə daşınması mümkündür.

Azərbaycana qarşı aqressiv addımlar üçün əsas yoxdur. Əksinə, İran blokada şəraitində qaldıqca onun Azərbaycan üzərindən keçən kommunikasiya xətlərinə ehtiyacı dəfələrlə artacaq. Buna görə ciddi fəsadlar gözlənilmir, baxmayaraq ki, təxribat ehtimalını tam istisna etmək olmaz.

Pilotsuz uçuş aparatı və ya raket düşə bilər, lakin Azərbaycanın hava hücumundan müdafiə sistemi yaxşı təşkil olunub və tək-tək hədəfləri zərər yetirmədən zərərsizləşdirməyə qadirdir. Hazırkı mərhələdə vəziyyət məhz belə görünür”, – Musabəyov güman edir.