Sosial şəbəkədə biz:
Hökumət dilemması: Bakıda rayon kuratoru, yoxsa icra başçısı?
Xəbər Şəkli

Hökumət dilemması: Bakıda rayon kuratoru, yoxsa icra başçısı?

04 February 2026, 09:10
Siyasət

Azərbaycanın idarəetmə modeli uzun illərdir ki, güclü mərkəzləşmə prinsipi üzərində qurulub. Regional inkişaf proqramları, icra hakimiyyətləri institutu və dövlət investisiyalarının bölgələrə yönəldilməsi bu modelin əsas dayaqlarıdır. Lakin son illər həm cəmiyyət daxilində, həm də ekspert mühitində bir sual daha tez-tez səslənir: mövcud regional siyasət yerli idarəetməni gücləndirir, yoxsa mərkəzdən asılılığı daha da artırır? Mərkəzləşdirilmiş idarəetmə modeli xüsusilə təhlükəsizlik, sabitlik və vahid dövlət siyasətinin icrası baxımından effektiv sayılır. Prezidentin regionlara birbaşa nəzarəti dövlət proqramlarının icrasında intizam yaradır, xaotik idarəetmə risklərini minimuma endirir, fövqəladə hallarda çevik qərarverməni təmin edir.

Lakin bu modelin uzunmüddətli sosial-siyasi riskləri də mövcuddur. Yerli problemlərin mərkəzə ötürülməsi ləngiyir, təşəbbüskarlıq azalır, rayon və şəhərlərdə idarəetmə çox zaman formal xarakter daşıyır. Yerli icra strukturları qərar verən deyil, daha çox tapşırıq icraçısına çevrilir. Azərbaycanda bələdiyyə institutu formal olaraq mövcud olsa da, real səlahiyyət və maliyyə imkanları baxımından zəifdir. Vergi toplama, torpaq idarəçiliyi, şəhərsalma kimi əsas mexanizmlər mərkəzin nəzarətində qalır.

Azərbaycanda regional idarəetmə modeli əsasən güclü mərkəzləşmə üzərində qurulub. Lakin mərkəzləşmənin davamlılığı yerli idarəetmənin zəifləməsi hesabına baş verir. İcra hakimiyyətləri və bələdiyyələr əksər hallarda müstəqil qərarverici deyil, mərkəzin tapşırıqlarını icra edən strukturlar kimi çıxış edir. Bu isə yerli təşəbbüskarlığı azaldır, regionların problemlərinin operativ həllini çətinləşdirir.

Mövcud vəziyyət göstərir ki, məsələ seçim deyil, balans problemidir. Güclü mərkəzi hakimiyyətlə yanaşı, real səlahiyyət və maliyyə imkanlarına malik yerli idarəetmə qurumları olmadan regional inkişaf uzunmüddətli və dayanıqlı ola bilməz. Yerli səviyyədə hesabatlılığın və məsuliyyətin artırılması regional siyasətin effektivliyini müəyyən edəcək əsas amillərdən biri olaraq qalır.

Azərbaycanın yerlərdə idarəetmə modeli uzun illərdir ki, güclü mərkəzləşmə prinsipi üzərində qurulub. Bundan sonrakı dövrdə mərkəzləşmə, yoxsa yerli idarəetmə modeli-prinsipi daha effektli ola bilər?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, yerli idarəetmənin mövcud modeli artıq öz ömrünü çoxdan başa vurub:

“Son illər ərzində yerli icra hakimiyyətlərinə başçılıq edən rəhbərlərin fəaliyyətində aşkara çıxarılmış biabırçı faktlar dediklərimizi təsdiqidir. Yerlərdə bu xırda "padşahlar" özlərini rayonun ağası kimi aparır, vətəndaşla yuxarıdan aşağı baxır və yalnız öz ciblərini necə doldurmaq haqqında düşünürlər. İşdən çıxarılmış, həbs edilmiş icra başçıları vəzifədə olarkən yüz milyonlarla manat vəsaitləri necə əldə edə biliblər? Təbi ki, onlar həmin varidatı vətəndaşlardan, büdcədən oğurlayaraq əldə ediblər. Müşahidələrimiz göstərir ki, hazırkı yerli idarəçilik formasında nümunə göstərmək üçün sağlam əməlləri olan icra başçısı tapmaq mümkün deyil. Deməli, bu idarəçilik sistemi gecikmədən ləğv edilməli və əvəzində yerlərdə seçkili idarəçilik sistemi tətbiq edilməlidir. Vətəndaşlarla davranarkən yerli hakimiyyətin başında dayanan adam ən azından bilməlidir ki, onu bu vəzifəyə həmin insanlar seçiblər və o yanlış hərəkətləri ilə insanların səsini itirə bilər, növbəti seçkilərdə məğlub olar".

Sabiq nazir hesab edir ki, bu yanaşım ortada olmadıqca yerli idarəçilik həmişə qüsurlu olaraq da qalacaq: “Rayonun başında dayanan adam onun vəzifədə qalıb qalmayacağını seçicilərinin həll edəcəyinə əmin olmalıdır. Bu olduqdan sonra o, seçicilərin ağasına deyil, qulluqçusuna çevriləcək. İdarəçilikdə belə bir dəyişiklik bölgələrimizin inkişafına da ciddi müsbət təsirini göstərəcək”.