Elin Süleymanov: “Düşmənlik fəsli bağlandı, qalıcı sülhə doğru gedirik”
Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına doğru proses sürətlənib. Britaniyada Azərbaycan səfiri Elin Süleymanov Reuters-ə açıqlamasında bildirib ki, “düşmənlik fəsli bağlanıb və indi biz möhkəm sülhə doğru irəliləyirik”.
Diplomat yekun sazişin imzalanma tarixi ilə bağlı konkret tarix açıqlamasa da, Prezident İlham Əliyevin bu addımı mümkün qədər tez atmaq istədiyini vurğulayıb. Süleymanov həmçinin qeyd edib ki, yeni tranzit dəmir yolu marşrutunun işə salınması ABŞ və Ermənistanın əməkdaşlığından asılıdır və tərəflər bu istiqamətdə danışıqlar aparırlar.
Sülh danışıqları fonunda regionda narahat mövqedə dayanan İran da yenidən sərt bəyanatla çıxış edib. Ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” agentliyinə açıqlamasında bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. O, bu dəhlizi ABŞ Prezidenti Donald Trampın “muzdlularının qəbiristanlığı” adlandıraraq, onun region sərhədlərinin dəyişdirilməsinə yol aça biləcəyini iddia edib.
Ekspertlərin qənaətinə görə, yekun sazişin imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik edərək Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasıdır. Bundan sonra həm siyasi münasibətlərin normallaşması, həm də nəzərdə tutulan yeni tranzit dəhlizinin işə düşməsi üçün hüquqi və texniki maneələrin aradan qaldırılması mümkün olacaq.
Orijinal mənbə: Reuters
Musavat.com