Sosial şəbəkədə biz:

Azərbaycanda insanlar niyə pul yığa bilmir?

Azərbaycanda insanlar niyə pul yığa bilmir?
Xəbər Şəkli
27 October 2026, 09:39
Sosial

Azərbaycanda əhalinin gəlirlərini idarə etməsi və pul yığmaq imkanları iqtisadi müzakirələrin aktual mövzularından biridir. 

Gündəlik tələbat mallarının və xidmətlərin qiyməti, kommunal xərclər, kirayə haqları və digər zəruri ödənişlər ailə büdcəsinə təsir göstərir. Bir çox insan qazandığı vəsaiti ay ərzində əsas ehtiyaclarına sərf etdiyindən gələcək üçün yığım etməkdə çətinlik çəkir. 

Bəs bu vəziyyətin əsas səbəbi gəlirlərin xərclərlə müqayisədə aşağı olmasıdır, yoxsa insanların istehlak vərdişləri də mühüm rol oynayır? 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, əhalinin qazandığı vəsaiti ayın sonuna qədər xərcləməsi və yığım edə bilməməsi ilk növbədə gəlirlərin səviyyəsi ilə zəruri yaşayış xərcləri arasındakı nisbətdən asılıdır:

“Əgər insanın maaşının böyük hissəsi ərzağa, kommunal xidmətlərə, mənzilə, nəqliyyata, dərmanlara və digər gündəlik ehtiyaclara gedirsə, onun qənaət etmək imkanı məhdudlaşır. Qiymətlərin artması da bu problemi dərinləşdirir. Çünki nominal gəlir dəyişməsə belə, bahalaşma nəticəsində həmin pulla daha az məhsul və xidmət almaq mümkün olur. İstehlak vərdişlərinin də müəyyən təsiri var.

Bəzi insanlar xərclərini əvvəlcədən planlaşdırmadıqları, impulsiv alış-veriş etdikləri və gəlirlərinə uyğun olmayan istehlak seçimləri etdikləri üçün yığım imkanlarını azaldırlar.

Lakin bu amili şişirtmək düzgün olmaz. Gəliri yalnız zəruri ehtiyaclarını qarşılamağa çatan insandan ciddi yığım tələb etmək real deyil. Maliyyə savadlılığı gəlirin düzgün bölüşdürülməsinə kömək edə bilər, amma mövcud olmayan gəliri yarada bilməz. Buna görə də problemin əsas səbəblərini araşdırarkən aşağı gəlirləri, yaşayış xərclərini, inflyasiyanı və ailələrin borc yükünü ön plana çəkmək lazımdır. Əhalinin yığım imkanlarını artırmaq üçün bir neçə istiqamətdə paralel tədbirlər görülməlidir.

İlk növbədə, əməkhaqlarının və digər gəlirlərin artımı məhsuldarlığın yüksəlməsi ilə müşayiət olunmalı, əhalinin real alıcılıq qabiliyyəti qorunmalıdır. Maaşın nominal olaraq artması kifayət etmir, əgər qiymətlər daha sürətlə yüksəlirsə, insanın real gəliri və yığım imkanı artmır. Buna görə inflyasiyanın cilovlanması, rəqabətin gücləndirilməsi, istehsal xərclərinin azaldılması və zəruri məhsulların təklifinin artırılması mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, əhalinin maliyyə dayanıqlığını gücləndirmək üçün sabit və məhsuldar məşğulluq imkanları genişləndirilməli, gəlirlərin yalnız bir mənbədən asılılığı azaldılmalı, əlçatan maliyyə alətləri inkişaf etdirilməlidir.

Bank əmanətlərinin şərtlərinin şəffaf olması, yığımların inflyasiya qarşısında dəyərini qorumaq imkanları və uzunmüddətli yığım mexanizmlərinin əlçatanlığı da vacibdir. Eyni zamanda, ailələrə büdcə planlaşdırılması, borclanmanın idarə edilməsi və fövqəladə hallar üçün ehtiyat vəsaitin yaradılması barədə maliyyə bilikləri verilməlidir. Məncə, burada maaşların artırılması, inflyasiyanın azaldılması və maliyyə savadlılığının yüksəldilməsi arasında seçim etmək düzgün yanaşma deyil@.

Bunlar bir-birini tamamlayan tədbirlərdir:

"Lakin ilkin şərt əhalinin zəruri xərclərini ödədikdən sonra sərəncamında vəsait qalmasıdır. Əgər ailənin bütün gəliri gündəlik ehtiyaclara gedirsə, maliyyə savadlılığı üzrə təlimlər təkbaşına problemi həll edə bilməz. Əvvəlcə real gəlirlərin artması və qiymət sabitliyi üçün şərait yaradılmalı, paralel olaraq insanlara gəlirlərini daha səmərəli idarə etmək imkanları verilməlidir”. 

İqtisadçı qeyd edib ki, əhalinin maliyyə dayanıqlığının əsas göstəricisi təkcə nə qədər qazandığı deyil, zəruri ehtiyaclarını ödədikdən sonra nə qədər vəsait saxlaya bilməsidir.