Azərbaycan və Ermənistan dövlətlərarası sərhədin “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun (TRIPP) keçəcəyi hissəsinin delimitasiyasını apara bilər.
Bu barədə jurnalistlərə Ermənistanın hakim Mülki Müqavilə fraksiyasının üzvü və parlamentin xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Sarkis Xandanyan bildirib.
“TRIPP həyata keçirilməyə başladıqda, məsələn, dəmir yolunun keçəcəyi və ya neft və qaz kəmərlərinin çəkiləcəyi ərazilərdə qismən delimitasiya işlərinin aparılma ehtimalı var. Yəni, bəzi lokal ərazilər üçün delimitasiya məntiqi dəyişə bilər. Lakin ümumi məntiq budur ki, delimitasiya şimaldan cənuba aparılmalıdır", - o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da jurnalistlərə Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyasının üç ölkənin - Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin kəsişməsindən başlayaraq şimaldan cənuba doğru həyata keçiriləcəyini və bunun Bakı və İrəvan tərəfindən razılaşdırıldığını bildirmişdi.