Naxçıvanda yeni təyinatlar niyə ləngiyir?
Hazırda Naxçıvan Muxtar Respublikasında bir sıra yüksək vəzifələrin uzun müddətdir boş qalması xəbəri cəmiyyətdə bəzi suallar yaradıb. Bildirilir ki, muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları öz sahiblərini gözləyir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci il dekabrın 21-də istefa verib. Hazırda həmin vəzifəni sədrin birinci müavini Bəxtiyar Məmmədov icra edir.
Muxtar respublikanın ədliyyə naziri Daşqın Rəhimov 2023-cü il oktyabrın 11-də işdən çıxarılıb. Hazırda ədliyyə nazirinin səlahiyyətlərini nazir müavini Hüseyn Səfərov yerinə yetirir. Naxçıvan MR-ın mədəniyyət naziri Natəvan Qədimova 2023-cü il mayın 8-də vəzifədən uzaqlaşdırılıb. Nazir vəzifəsinin icrası isə müvəqqəti olaraq nazir müavini Həsən Seyidova həvalə olunub.
Muxtar respublikanın rabitə və yeni texnologiyalar naziri (hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri) Vüsal Sevdimalıyev 2023-cü il sentyabrın 8-də işdən uzaqlaşdırılıb.
Həmin il Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib. Eyni zamanda, nazirin səlahiyyətlərinin icrası da ona həvalə olunub. Lakin R.Ələkbərli 2025-ci ildə nazir müavini vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və eyni zamanda nazir vəzifəsinin icrası Azər Məmmədrəhimova həvalə edilib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli 2025-ci il fevralın 20-də işdən çıxarılıb. Hazırda xidmətə rəis müavini Tural Abdulzadə rəhbərlik edir. Nazirin səlahiyyətlərinin icrası ona həvalə olunub.
Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsi də boşdur. Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bir müddət əvvəl işdən çıxarılıb. 2026-cı il mayın 8-də Nurlan Fətəliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Abdulla oğlu Tahirli 2025-ci il iyunun 12-də vəzifəsindən azad olunub. Hazırda televiziyaya müvəqqəti olaraq jurnalist İlhamə Novruzova rəhbərlik edir.(mənbə: oxu.az).
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də vakantdır. Bu il fevralın 9-da şəhərin icra başçısı Cabbar Musayev muxtar respublikanın Baş naziri təyin olunub. Prezident İlham Əliyev həmin gün C.Musayevi icra başçısı vəzifəsindən azad edib. Hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra başçısının birinci müavin Əhməd Vəliyev yerinə yetirir.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında bir sıra əsas dövlət institutları hazırda müvəqqəti rəhbərlərlə fəaliyyət göstərir. Rəsmi qurumlar tərəfindən bu vakant vəzifələrə daimi təyinatların nə vaxt həyata keçiriləcəyi ilə bağlı hələlik hər hansı açıqlama verilməyib. Bu isə muxtar respublikada aparılan idarəetmə islahatlarının növbəti mərhələsi ilə bağlı gözləntiləri artırır. Bununla yanaşı, müşahidəçilər hesab edirlər ki, bu qədər mühüm vəzifələrin uzun müddət vakant saxlanılması təsadüfi deyil.
Son illər Naxçıvanda həyata keçirilən idarəetmə islahatları, dövlət qurumlarının fəaliyyətinin yenidən təşkil edilməsi və mərkəzi icra hakimiyyəti ilə koordinasiyanın gücləndirilməsi fonunda yeni təyinatlarda daha ehtiyatlı yanaşmanın seçildiyi ehtimal olunur. Bununla belə, strateji əhəmiyyət daşıyan qurumların daimi rəhbərlər olmadan uzun müddət fəaliyyət göstərməsi həm idarəetmənin operativliyi, həm də qəbul edilən qərarların institusional davamlılığı baxımından müzakirələrə səbəb olur.
Bu səbəbdən yaxın dövrdə Naxçıvanda gözlənilən yeni kadr təyinatlarının muxtar respublikanın idarəetmə sistemində növbəti mərhələnin başlanğıcı olub-olmayacağı diqqətlə izlənilir.
Naxçıvandan olan araşdırmaçı-jurnalist Heydər Oğuzun Musavat.com-a dediyinə görə, bəli, muxtar respublikada bir çox qurumlar rəhbəri olmadan fəaliyyət göstərir: “Onlardan bəziləri artıq 5 ildir ki, faktiki “başsız” qalıb. Bundan əlavə, Naxçıvan şəhəri və Culfa rayonu da rəhbərsizdir. Bütün bunlar göstərir ki, muxtar respublikanın bir çox sahələri rəhbərsiz də fəaliyyət göstərə bilər. Necə ki, göstərir”.
H.Oğuzun zənnincə, Naxçıvanda bir çox nazirlik və komitələrin rəhbərsiz buraxılması təsadüfi deyil: “Böyük ehtimalla yaxın zamanlarda Naxçıvanın muxtar statusu ləğv olunacaq, bu səbəbdən də Azərbaycan rəhbərliyi oradakı bir çox orqanlara rəhbər təyin etmək kimi əlavə və müvəqqəti zəhmətə qatlanmaq istəmir”.
Onun dediyinə görə, son zamanlar prezident İlham Əliyevin Naxçıvandaki səlahiyyətli nümayəndəsinin statusunu artırması da bundan xəbər verir: “Bu fərmanla Naxçıvanda bir çox dövlət orqanının funksiyası səlahiyyətli nümayəndəyə həvalə olundu və dünənə qədər bu işi icra edən qurumların mövcudluğunun səbəbi ortadan qalxdı. Məsələn, səlahiyyətləri artırılmış səlahiyyətli nümayəndə varsa, Naxçıvanın baş nazirinə nə ehtiyac var? Yaxud Naxçıvan Azərbaycanın bir hissəsidirsə və Azərbaycanın qanunları bu bölgədə də keçərlidirsə, onda qanunvericilik orqanı hesab olunan Ali Məclisin funksiyası nədən ibarətdir? Eyni sözləri digər nazirlik və komitələr barədə də demək mümkündür”.
Müsahibimiz qeyd edib ki, digər tərəfdən, muxtariyyətçilərin dünənə qədər söykəndikləri torpaq bağının olmaması arqumenti də artıq öz əhəmiyyətini itirib: “Əvvəllər həqiqətən də bəzi hüquqi aktların alınması üçün paytaxta gedib-gəlmək problemi var idi və buna görə Naxçıvanda ayrıca yaradılmış nazirliklərə ehtiyac duyulurdu. 2003-2012-ci illərdə Azərbaycanın elektron dövlət proqramının həyata keçirilməsi və bir çox sənədlərin elektron hökumət portalı ilə hazırlanması bu ehtiyacı da aradan qaldırdı. Artıq Naxçıvan əhalisi Bakıda yerləşən nazirlik və dövlət komitələri ilə elektron hökumət vasitəsilə rahatlıqla həyata keçirə bilər. Odur ki, ayrıca götürülmüş muxtariyyət statusu da öz əhəmiyyətini itirir. Əksinə, Naxçıvanın muxtar statusu bu bölgədə yaşayan vətəndaşlar üçün əlavə yükə çevrilir, bürokratik əngəlləri artırır. Üstəlik, ölkədə iki eyni nazirliyin fəaliyyət göstərməsi paralel dövlət strukturu kimi istənilən dövlət üçün olduqca təhlükəli hal yaradır”.
Onun bildirdiyinə görə, ən əsası, onsuz da arabanın 5-ci təkərinə çevrilən muxtar hüquqlar dövlətin maliyyə yükünü də artırır: “Naxçıvanda 150 min, yaxud 200 min əhali yaşayır. Azərbaycanın ümumi əhalisinin sayının 10 milyon olduğunu nəzərə alsaq, bu hardasa 1.5-2 faiz əhali deməkdir. Amma Naxçıvanda dövlət qulluqçularının sayı Azərbaycanın digər rayonlarının ümumi ortalamasından xeyli çoxdur. Rəsmi statistikaya görə, Azərbaycanda 27 min dövlət qulluqçusu var, onun haradasa 2.5 mini isə Naxçıvan MR-ın payına düşür. Haradasa, ümumi ortalamanın 8-9 faizi qədər. Başqa sözlə desək, Naxçıvanda dövlət qulluqçuları ümumi ortalamadan 8-9 dəfə çoxdur. Bir də buraya dövlət qulluqçusu statusu almadan işləyən məmurları əlavə etsək, nisbət daha da artar. Təbii ki, bu hal, əlavə bürokratik aparat yaradır, Naxçıvan əhalisinin önündə əngələ çevrilən strukturların xərcini də yüksəldir. Hesab edirəm ki, rəsmi Bakı Naxçıvan əhalisinin gün-güzaranını yaxşılaşdırmaq üçün bu əlavə bürokratik aparata xərclədiyi vəsaiti bölgənin iqtisadi inkişafına yönəltsə, bölgədə fəaliyyət göstərən iş adamlarına kredit kimi versə, daha faydakı iş görmüş olar”.